PAYTAXT XƏBƏRLƏRİ

Çoxmərətəbəli yaşayış binasında yanğın söndürülüb - FHN

Hadisə ilə əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış ünvanına cəlb olunub.
Sputnik
BAKI, 17 iyun — Sputnik. Bu gün saat 10:00 radələrində Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Hadi küçəsində yerləşən çoxmərətəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış ünvanına cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının binanın 8-ci mərtəbəsində yerləşən mənzildə baş verdiyi müəyyən edilib.
Yanğınsöndürmə qüvvələrinin çevik və peşəkar fəaliyyəti sayəsində yanğının digər mənzillərə keçməsinin qarşısı alınaraq qısa müddətdə söndürülməsi təmin olunub. Bina sakinlərinin təhlükəsiz əraziyə təxliyəsi həyata keçirilib. FHN qüvvələri tərəfindən 15 nəfər təhlükəsiz əraziyə təxliyə olunub, 4 nəfər xilas edilib.
Qeyd edək ki, ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai, Qaradağ, Yasamal və Binəqədi rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 4 müraciət daxil olub.
Dərhal çağırış ünvanlarına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 3-ü azyaşlı olmaqla 9 nəfərin liftdən çıxarılması təmin edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.