BAKI, 17 iyun — Sputnik. Bu ilin yanvar-may aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 26,4 mlrd. manat olmaqla, əvvəlki ilin yanvar-may aylarına nisbətən 2,2% artıb.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, sahənin əsas məhsulu olan əmtəəlik xam neft hasilatı 13 894,1 min ton, əmtəəlik təbii qaz hasilatı isə 14 874 mln. kubmetr təşkil edib. Məlumatda qeyd olunub ki, əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,7% azalıb, əmtəəlik qaz hasilatı isə 18,5% artıb. Qeyd olunub ki, ümumiyyətlə hesabat dövründə 13 933,6 min ton neft və 19 639,8 mln. kubmetr qaz hasil edilib, bu da müvafiq olaraq 2,6% azalma və 15,5% artım deməkdir.
2022-ci ilin yanvar-may aylarında Azərbaycanın neft-qaz sektoruna 1 810 mln. manat həcmində vəsait yönəldilib ki, bu da illik müqayisədə 20,9% azdır. 2021-ci ilin müvafiq dövründə sözügedən göstərici 2 287,9 mln. manat səviyyəsində olub.
Xatırladaq ki, ötən il Azərbaycanın neft-qaz sektoruna 5 765,5 mln. manat həcmində vəsait yönəldilib, bu da illik müqayisədə 6,9% azalma deməkdir.
Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilir ki, bu ilin yanvar-may aylarında Azərbaycanda 10 539,6 mln. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da illik müqayisədə 3,1% çoxdur. İstehsal edilən əmtəəlik elektrik enerjinin həcmi, ötən il 10 188,2 mln. kVt-saat təşkil edib (+2,8%)
Komitənin məlumatına əsasən, ölkədə istehsal edilən elektrik enerjisinin 9 399,9 mln. kVt-saatı istilik (+2,1%), 747,3 mln. kVt-saatı su elektrik (+16,4%) stansiyalarının payına düşüb. İstehsal edilən elektrik enerjisinin qalan hissəsi isə külək və günəş ilə işləyən elektrik stansiyalar ilə təmin edilib.
Xatırladaq ki, ötən il Azərbaycanda 25 958,1 mln. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da illik müqayisədə 0,5% çoxdur. İstehsal edilən əmtəəlik elektrik enerjinin həcmi ötən il 25 163,5 mln. kVt-saat təşkil edib (+8,4%).
Ötən il ölkədə istehsal edilən elektrik enerjisinin 23 776,4 mln. kVt-saatı istilik (+7,9%), 1 243,9 mln. kVt-saatı su elektrik (+19,8%) stansiyalarının payına düşüb. İstehsal edilən elektrik enerjisinin qalan hissəsi isə külək və günəş ilə işləyən elektrik stansiyaları ilə təmin edilib.