BAKI, 17 iyun — Sputnik. Humanizm prinsiplərini daim rəhbər tutan Azərbaycan Respublikası əldə olunmuş tarixi Qələbədən sonra düşmən tapdağından azad olunmuş torpaqlarda tapılmış 1713 Ermənistan hərbi qulluqçusunun qalıqlarını qaytarıb.
Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev deyib.
O bildirib ki, müxtəlif vaxtlarda saxlanılmış 159 nəfər erməni əsiri qarşı tərəfə qaytarıb.
“Vətən müharibəsi başa çatdıqdan sonra 12 nəfər hərbçimizin yaralanaraq əsir düşdüyü məlum olub”, - Nağıyev deyib.
Komissiya sədri bildirib ki, beynəlxalq təşkilatların vasitəçiliyi ilə onlar qısa vaxtda Vətənə qaytarılıblar: “6 hərbçimizin isə taleyi bu vaxtadək qeyri-müəyyən olaraq qalmaqdadır”.
Nağıyev bu günədək Ermənistan tərəfindən təhvil verilmiş, o cümlədən işğaldan azad olunmuş ərazilərdə aşkar edilmiş və ölkə ərazisindəki naməlum şəhid məzarlıqlarında dəfn edilmiş meyit qalıqlarından neçə molekulyar-genetik ekspertizası aparıldığı açıqlayıb.
O bildirib ki, ümumilikdə 282 məhkəmə molekulyar-genetik ekspertizası təyin olunub.