BAKI, 16 iyun — Sputnik. "Qaz təchizatı haqda" qanuna əlavə və dəyişikliklər olunub, ölkə başçısı da fərmanla bu dəyişiklikləri təsdiqləyib. Nazirlər Kabineti 3 ay müddətində fərmandan irəli gələn qaydaların formalaşması, təsdiqi üzərində işləyəcək. Bunu açqılamasında "Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev deyib.
Onun sözlərinə görə, həmin qaydalar təsdiqini tapdıqdan sonra "Socar Azəriqaz" İstehsalat Birliyi həmin əlavə və dəyişikliklərin icrası ilə məşğul olacaq.
Azəriqaz" nümayəndəsi bildirib ki, təmsil etdiyi qurum artıq ötən ildən bu ağıllı sayğacların tətbiqinə başlayıb:
"Abonentlər bəzən smart-kart sayğacları ağıllı sayğaclarla qarışdırırlar. Lakin bu vaxtadək Azərbaycanda ağıllı sayğaclar olmamışdı".
O bildirir ki, qısa müddətdə müxtəlif MTK-a artıq 10 mindən çox ağıllı sayğac quraşdırılıb.
E.Vəliyev bildirir ki, cari ildən daha geniş müstəvidə bu sayğacların tətbiqinə başlanılacaq:
"Həmin o ağıllı sayğaclar mərkəzləşdirilmiş qaydada olacaq. Yəni istənilən abonentin sərfiyyatı, limiti, bir sözlə, sayğacı ilə bağlı digər informasiyalar mərkəzə ötürüləcək. İnsan faktoru olmadan münasibətlər tənizmlənəcək".
İnnovasiyaların inkişaf etdiyi dövrdə ağıllı iş prinipini rəhbər tutan qurum daha effektiv fəaliyyət göstərməyi hədəf seçib:
"Görəcəyimiz bu iş 5-10 il müddətində bu sayğaclar bütün Azərbaycanı əhatə edəcək. Mexaniki və digər sayğaclara quraşdırılacaq xüsusi cihazlar var ki, bunlar həmin qurğuları da "ağıllı forma"ya gətirəcək. Bu işlər "Azəriqaz" İstehsalat Birliyinin imkanları hesabına həyata keçiriləcək", - deyə o bildirib.
Qurum rəsmisi bildirib ki, bunun üçün abonentdən hansısa ödəniş tələb olunmayacaq.
Birliyin mətbuat katibinin sözlərinə görə, bu sayğaclar fərdi evlərə, binalara, həm də MTK-lara quraşdırılacaq:
"Həmin sayğaclarda abonentin günahı olmadan hansısa nasazlıq baş verəcəksə, hansısa müdaxilə olmayacaqsa, onun dəyişdirilməsi və yenisi ilə əvəzlənməsi qurum tərəfindən həyata keçiriləcək. Lakin abonentin müdaxiləsi aşkarlanarsa, bu zaman xərcləri abonent qarşılayacaq".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.