SƏHİYYƏ

ÜST rəhbəri: Təbii şəkildə ortaya çıxan xəstəliklərə daim hazır olmalıyıq

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun sözlərinə görə, Azərbaycanda pandemiya ən aşağı səviyyəyə enib
Sputnik
BAKI, 16 iyun — Sputnik. Azərbaycanda pandemiya ən aşağı səviyyəyə enib və yoluxma halları da çox azdır.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus "Qlobal dünya nizamına təhdidlər" mövzusunda Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib.
Bütün ölkələri səhiyyə sistemlərini yenidən qurmağa çağıran ÜST-nin rəhbəri deyib: "Biz təbii şəkildə ortaya çıxan xəstəliklərə daim hazır olmalıyıq. Prezident İlham Əliyevin sözlərinə dəstək olaraq, beynəlxalq müqavimət üzərində işləmək lazımdır".
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə bu gün "Qlobal dünya nizamına təhdidlər" mövzusunda Qlobal Bakı Forumu başlayıb.
Azərbaycan Prezidenti İlham Əliyev "Qlobal dünya nizamına təhdidlər" mövzusunda IX Qlobal Bakı Forumunda çıxış edib.
Sayca 9-cu olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlər müzakirə olunacaq.
Tədbirdə dünyanın 50-dən çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak edirlər.
Qlobal Bakı Forumu — Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən ənənəvi Forumdur. 2013-2022-ci illər aralığında sayca 8 forum baş tutub. Sonuncu, VIII Qlobal Bakı Forumu 4-6 noyabr 2021-ci il tarixlərində keçirilib.