CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rəqabət Məcəlləsi payızda Milli Məclisə təqdim olunacaq

Rəqabət Məcəlləsi ən yeni çağırışlara cavab verən formada hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib
Sputnik
BAKI, 16 iyun — Sputnik. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Rəqabət Məcəlləsini ən yeni çağırışlara cavab verən formada hazırlayıb və Nazirlər Kabinetinə təqdim edib.
Bunu Xidmətin rəisi Məmməd Abbasbəyli deyib.
O qeyd edib ki, Məcəllə Milli Məclisə təqdim olunacaq: "Ümidvarıq ki, Rəqabət Məcəlləsi bu il ərzində payız sessiyasında Milli Məclisə təqdim olunacaq".
Xatırladaq ki, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili jurnalistlərə açıqlamasında deyib ki, Milli Məclisin Rəqabət Məcəlləsini qəbul etməsi üçün zəruri şərait tam formalaşdırılmalıdır.
O bildirib ki, Azərbaycanda rəqabətin inkişaf etdirilməsi ilə bağlı dövlət ardıcıl addımlar atır: "Belə bir yanlış təsəvvür var ki, Rəqabət Məcəlləsini qəbul edən kimi ədalətli rəqabət ölkədə tam təmin olunacaq. Bu cür yanaşma düzgün deyil. Məcəllənin qəbuluna qədər bir sıra atılacaq addımlar var. Onlarsız məcəllənin qəbulu effekt verməyəcək. Bu səbəbdən ilk növbədə zəruri şərait tam formalaşdırılmalı, alt qanunlar qəbul olunmalı və yaxud da təkmilləşdirilməlidir".
Ölkədə tam ədalətli rəqabətin təmin olunması dövlət siyasətidir
"Məsələn, satınalma ilə bağlı yeni qanun hazırlanacaq və yaxud da ədalətli rəqabətlə, "kölgə iqtisadiyyatı"nın aradan qaldırılması ilə bağlı qanunlar olacaq. Ölkədə tam ədalətli rəqabətin təmin olunması dövlət siyasətidir. Amma bu iş addım-addım və tədricən olmalıdır. Əslində, bu istiqamətdə də gedirik", - deyə o əlavə edib.