CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Radio kanallarında aparılmış monitorinqin nəticələri açıqlanıb

Aparıcıların nitqində vurğunun düzgün işlədilməməsi, ayrı-ayrı səslərin, söz və ifadələrin, qrammatik formaların, abreviaturların yanlış tələffüzü ciddi nitq nöqsanları kimi qeyd edilib
Sputnik
BAKI, 16 iyun — Sputnik. Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində "Radioların dili monitorinq aynasında" adlı tədbir keçirilib.
11 radio kanalında aparılmış monitorinqin nəticələrinin ictimaiyyətə açıqlanması məqsədilə keçirilən tədbirdə mərkəzin əməkdaşları, radioyayım şirkətlərinin rəhbər və məsul şəxsləri, tanınmış diktorlar iştirak ediblər.
Tədbiri Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva açaraq kütləvi informasiya vasitələrinin aparıcı qollarından olan radionun zəngin tarixi və özünəməxsus dəst-xəti olmasını vurğulamaqla, ictimai şüurun formalaşmasında, estetik və mənəvi dəyərlərin aşılanmasında, maarifçilik işində də xüsusi əhəmiyyətindən bəhs edib. O bildirib ki, "səsli salnamə"miz olan milli radioda çalışan peşəkar diktorlar məktəb yaradaraq Azərbaycan dilini ən gözəl surətdə təqdim edərək ədəbi dil normalarının qorunması, leksik tərkibinin zənginləşməsi üçün əsl vətəndaş təəssübü göstərib, hər bir söz və ifadənin işlənmə məqamına, səsləndirilməsinə böyük məsuliyyətlə yanaşıblar.
Mərkəzin kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında Azərbaycanın dövlət dilinin tətbiqinə nəzarəti həyata keçirdiyini diqqətə çatdıran S.Əliyeva indiyədək 60 sayt, 12 televiziya və 11 radio kanalı, eləcə də televiziyalarda nümayiş olunan dublyaj filmlərinin monitorinqi nəticəsində 15 minə yaxın dil faktının geniş təhlil edilməklə ictimaiyyətə açıqlandığını bildirib.
Vurğulanıb ki, radiolarda ədəbi dil normalarına riayət olunma səviyyəsi, Azərbaycan dilinin düzgün tətbiqi ilə bağlı real vəziyyəti əks etdirən dil faktları və statistik göstəricilər bu sahədə ciddi nöqsanların olduğunu deməyə əsas verir.
Monitorinq Mərkəzinin şöbə müdiri Vəfa İsmayılova "Radioların dili monitorinq aynasında" adlı məruzəsində qeydə alınmış 4500 dil faktından 3484-nün hesabata daxil edildiyini, monitorinq nəticəsində 897 orfoepik, 790 leksik, 554 qrammatik, 1243 üslub və ifadə səhvinin müəyyənləşdirildiyini nəzərə çatdırıb. O, radio aparıcılarının nitqində vurğunun düzgün işlədilməməsini, ayrı-ayrı səslərin, söz və ifadələrin, qrammatik formaların, abreviaturların yanlış tələffüzünü, qarşılığı olduğu halda əcnəbi sözlərdən istifadəni, söz sırasının pozulmasını, üslub və ifadə səhvlərini ciddi nitq nöqsanları kimi qeyd edib.
Tədbirdə çıxış edən peşəkar diktorluq məktəbinin tanınmış nümayəndələri və digər qonaqlar Mərkəzin apardığı monitorinqləri təqdir edərək təqdim olunan nümunələrin radio əməkdaşları tərəfindən təhlil edilməsinin əhəmiyyətini vurğulayıb, bu sahədə olan nöqsanların aradan qaldırılması istiqamətində əməli tədbirlərin görülməsinin, təlimlərin keçirilməsinin zəruriliyini qeyd ediblər.
Müzakirələrdə kütləvi informasiya vasitələrində Azərbaycan dilinin düzgün tətbiqi ilə bağlı tövsiyə və təkliflər səsləndirilib.