AZƏRBAYCAN XƏBƏRLƏRİ

Prezident: Qarabağ münaqişəsinin həlli regionda sülh üçün yeni imkanlar yaradıb

Azərbaycan Prezidenti IX Qlobal Bakı Forumun açılış mərasimində çıxış edib
Sputnik
BAKI, 16 iyun — Sputnik. Qarabağ münaqişəsinin həlli regionda sülhün və əmin-amanlığın bərqərar olması üçün yeni imkan və fürsətlər yaradıb.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev iyunun 16-da "Qlobal dünya nizamına təhdidlər" mövzusunda Bakıda işə başlayan Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib.
Azərbaycanın münaqişədən sonrakı yanaşması barədə Forum iştirakçılarına məlumat verən dövlətimizin başçısı bildirib ki, bu müharibə ədalətin, beynəlxalq hüququn və milli ləyaqətin bərpasına yönəlmişdi.
"Bu, dünyada unikal bir haldır ki, uzunmüddətli münaqişədən sonra bir dövlət işğalçını öz torpaqlarından qovub və ədaləti bərpa edib. Dünyada belə hallara heç də çox rast gəlinmir. Biz niyə sülh istəyirik?! Çünki biz sabit, dayanıqlı və inkişaf regionu yaratmaq istəyirik", - deyə Azərbaycan Prezidenti vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə bu gün "Qlobal dünya nizamına təhdidlər" mövzusunda Qlobal Bakı Forumu başlayıb.
Azərbaycan Prezidenti İlham Əliyev "Qlobal dünya nizamına təhdidlər" mövzusunda IX Qlobal Bakı Forumunda çıxış edib.
Sayca 9-cu olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlər müzakirə olunacaq.
Tədbirdə dünyanın 50-dən çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak edirlər.
Qlobal Bakı Forumu — Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən ənənəvi Forumdur. 2013-2022-ci illər aralığında sayca 8 forum baş tutub. Sonuncu, VIII Qlobal Bakı Forumu 4-6 noyabr 2021-ci il tarixlərində keçirilib.
AZƏRBAYCAN XƏBƏRLƏRİ
IX Qlobal Bakı Forumu başlayıb, Prezident çıxış edir