BAKI, 16 iyun — Sputnik. Azərbaycan Mərkəzi Bankı rəqəmsal manat konsepsiyası üzərində işləyir.
Bunu Mərkəzi Bankın milli ödənişlər sisteminin nəzarət və inkişaf bölməsinin baş mütəxəssisi Rəşad Qasımov Bakıda keçirilən maliyyə texnologiyaları sammitində deyib.
Onun sözlərinə görə, hazırda bu sahədə qabaqcıl dünya təcrübəsi öyrənilir: "Rəqəmsal valyuta ödənişlərin nağdsız mühitə keçirilməsini sürətləndirə bilər".
Qeyd edək ki, hazırda bir sıra ölkələrdə rəqəmsal valyutaların yaradılması məsələsi gündəmdədir.
Xatırladaq ki, millət vəkili Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, əksər inkişaf etmiş ölkələrdə rəqəmsal valyutanın yaradılması ilə bağlı işlər sürətlənib: "Xüsusən kriptovalyutalara marağın artması və onların bazarda payının çoxalması rəqəmsal milli valyutaların yaradılmasına yeni tələb formalaşdırıb. Bu, yeni çağırışlardır. O baxımdan Mərkəzi Bank tərəfindən bu çağırışlara uyğun olaraq tədqiqatların aparılması və növbəti dövrdə Azərbaycanda da rəqəmsal valyutanın yaradılması ilə bağlı işlərin genişləndirilməsi məqsədəuyğun olardı. Mərkəzi Bank bir neçə il öncə ilk dəfə olaraq kriptovalyutaların, o cümlədən bu istiqamətdəki texnologiyanın öyrənilməsi və rəqəmsal valyutanın işlənmə imkanlarının təyin edilməsi məsələlərini öz pul-kredit siyasətinə daxil edib. Bu da ondan xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı da müasir çağırışlara uyğun olaraq gələcəkdə Azərbaycanda rəqəmsal milli valyutanın yaradılması imkanlarını nəzərdən keçirir".
Deputat bildirib ki, rəqəmsal valyutaya növbəti illərdə ehtiyacın olacağı gözlənilir: "Azərbaycanda müasir çağırışlara uyğun olaraq rəqəmsal valyutanın yaradılması istiqamətində Mərkəzi Bank öz işlərini davam etdirməlidir. Bu da vacib məqamlardan biridir. Hazırda bəlkə də rəqəmsal valyutanın yaradılmasına ciddi ehtiyacın olmadığı görünə bilər. Amma növbəti dönəmdə və xüsusən də növbəti illərdə rəqəmsal valyutaya ehtiyac daha yüksək olacaq. O baxımdan Mərkəzi Bankın da məhz bu çağırışlara hazır olması olduqca vacibdir".