PAYTAXT XƏBƏRLƏRİ

Bağ evlərinin kirayə haqqı niyə bahalaşıb? - Mülk sahibləri gəliri ancaq yayda götürür

Elnur Fərzəliyev bağ evlərinə təlabatın artmasında quru sərhədlərin bağlı qalmasının mühüm rol oynadığını söyləyib.
Sputnik
BAKI, 16 iyun — Sputnik. Havaların qəfil istiləşməsi bağ evlərinə təlabatı kəskin artırıb. Bu isə qiymətlərə təsirsiz ötüşməyib. Bakı ətrafında yerləşən bağ evlərinin kirayə qiymətləri kəskin bahalaşıb. Bağ evlərinin alqı-satqısı, kirayəsi ilə məşğul olan riyeltor Məmməd Məcidov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda Bakıda ən çox Mərdəkan, Bilgəh, Maştağa qəsəbələrində yerləşən bağ evlərinə təlabat var, ikinci yerdə isə Novxanı, Pirşağı və Corat qəsəbələri qərarlaşır.
Həmsöhbətimiz bildirib ki, bağ evlərinin qiyməti aylıq 500 manatdan başlayaraq 5000 manata qədər, günlük bağ evlərinin qiyməti isə 60-800 manat arasında dəyişir:

"Daha çox təlabat yaxşı şəraiti olan villalaradır. Amma günlük villa kirayəsi üçün müraciət edənlər də var. Əsasən günlük kirayələr həftəsonları üçündür".

Bakıda çimərlik
M.Məcidov Bakı ətrafında bağ evlərinə kirayənin mövsümi xarakter daşıdığını, qiymətlərin də bu səbəbdən baha olduğunu bildirir:

"Qiymətlər ona görə bahadır ki, qışda bağ evləri boş qalır. Sahibləri həmin evlərdən nə gəlir götürürsə, yayda götürür. Ona görə də qiyməti baha qoyurlar".

Əmlak saytlarında yer alan məlumatlardan da bağ evlərinin qiymətinin kifayət qədər baha olduğu görünür. Bina.az saytında Mərdəkanda bağ evlərinin aylıq kirayə haqqının 1100 manatdan başladığı qeyd olunub.
Amma Mərdəkanda aylığı 8 min manata da villa icarəyə verilir. Buzovnada villalarda qiymətlər aylıq 3400 manatdan ucuz deyil.
Maştağada 300 kvadratlıq villaların aylıq kirayə haqqı 5000 manatdır. Türkanda isə aylıq kirayə haqqı 10 min manata da villa təklif olunur. Şüvəlanda isə bu qiymətlər 6-9 min manat arasında dəyişir.
Əmlak bazarı üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bağ evlərində kirayə evlərin qiymət artımı mövsümi xarakter daşıyır. Həmsöhbətimiz bildirdi ki, hazırda Bakı ətrafında dənizə yaxın, şəraitli villaların kirayə qiyməti elə də ucuz deyil:

"Hətta qiymətlər elə həddədir ki, bu qiymətə bölgələrdəki hotellərdə dincəlmək daha sərfəlidir. Hazırda turizm bölgələrində kirayə evlərin qiyməti Bakı ətrafından daha bahadır".

Elnur Fərzəliyev
E.Fərzəliyev qiymətlərin bahalaşmasının insanların daxili turizmə üstünlük verməsi ilə əlaqələndirir:
"Ölkənin quru sərhədlərinin bağlı olması insanların xaricdə dincəlmək imkanlarını məhdudlaşdırır və bu da bağ evlərinə təlabatı artırır".
Bununla belə E.Fərzəliyev bağ evlərinə ən çox təlabatın pandemiyada qapanma dövründə olduğunu söyləyir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.