İQTİSADİYYAT

Azərbaycanda kiçik və orta biznes üstünlük təşkil edir

İqtisadiyyat nazirinin müavini kiçik və orta sahibkarlığın ölkədə böyük potensiala malik olduğunu söyləyib
Sputnik
BAKI, 16 iyun — Sputnik. Biznes mühiti sahəsində ölkədə həyata keçirilən işlər, həmçinin sahibkarların ölkə iqtisadiyyatına verdiyi töhfənin nəticəsi olaraq son 18 ildə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə böyüyüb.
Bunu Azərbaycan iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov "Partners and Business" Baku 2022 - yerli şirkətlərin tanıtım sərgisinin açılış mərasimində deyib.
O qeyd edib ki, ölkə üzrə fəaliyyət göstərən sahibaklıq subyektlərinin 99%-i kiçik və orta biznes subyektləridir (KOB). Bu, kiçik və orta sahibkarlığın ölkədə böyük potensiala malik olduğunu göstərir.
Nazir müavini deyib ki, KOB subyektlərinin dəstəklənməsi, onların inkişafı, maraqların müdafiəsi sahəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin gördüyü işlər xüsusi qeyd edilməlidir. Bu işlərin getdikcə miqyası, keyfiyyəti və əhatə dairəsi artır. Ötən dövrdə qeyd edilən istiqamətlər üzrə bir sıra sistemli dəstək tədbirləri həyata keçirilib. Bunların sırasında daxili bazar araşdırmaların dəstəklənməsi, innovativ proqramlar üzrə qrantların verilməsi, sahibakların bilik və bacarıqlarının artırılması kimi işləri qeyd edə bilərik.
Qeyd edək ki, Bakıda yerli şirkətlərin tanıtım sərgisi – "Partners and Business Baku 2022" keçirilir.
Açılış mərasimində iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi İdarə Heyətinin sədri Orxan Məmmədov, Dövlət Məşğulluq Agentliyi İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov və başqaları çıxış edərək sərginin əhəmiyyətindən, ölkə iqtisadiyyatının inkişafına verəcəyi töhfədən söz açıblar.
Qeyd olunub ki, sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 200-ə yaxın şirkətin məhsulları nümayiş olunur.
Tədbir 5 panel iclasdan ibarət konfransla davam edir.