BAKI, 16 iyun — Sputnik. Avropada meymunçiçəyi xəstəliyinin geniş yayılma riski mövcuddur.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının Avropa bürosunun direktoru Hans Kluqe deyib. O bildirib ki, qitə tədricən virusun ocağına çevrilir: "Artıq 25 Avropa ölkəsində 1500-dən çox xəstə aşkar edilib. Bu da dünyadakı ümumi sayın 85%-dir".
Səhiyyə Nazirliyindən isə mətbuata bildirilib ki, bu günə qədər Azərbaycanda meymunçiçəyi virusuna yoluxma halı qeydə alınmayıb.
Məlumat üçün bildirək ki, ötən gün qonşu Gürcüstanda da virusa ilk yoluxma faktı təsdiqlənib.
Xatırladaq ki, meymunçiçəyi çox nadir rast gəlinən zoonoz virus xəstəliyidir, yəni bu xəstəlik insana əsasən heyvandan keçir. İnsan orqanizminə zədələnmiş dəri, tənəffüs yolları, gözlər, burun və ağzın selikli qişasından daxil ola bilər. İnsandan insana bu xəstəlik yalnız uzunmüddətli və sıx təmas zamanı ötürülə bilər. Xəstəliyin əsas əlamətləri üz nahiyəsindən başlayan və qısa müddət ərzində bütün bədənə yayılan qeyri-adi irinli səpgilərdir. Xəstəliyə xas olan kliniki əlamətlər əmələ gəlməyənə qədər xəstə və ya onunla təmasda olan şəxslər yoluxucu hesab edilmir.