BAKI, 15 iyun - sputnik. IX Qlobal Bakı Forumunda qlobal gündəlikdə olan məsələlər müzakirə ediləcək. Azərtac xəbər verir ki, bunu iyunun 15-də IX Qlobal Bakı Forumu ilə bağlı keçirilən mətbuat konfransında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin deyib.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüklərini bildirən İsmail Serageldin deyib ki, Azərbaycan Prezidenti IX Qlobal Bakı Forumunda aparılacaq müzakirələr nəticəsində qlobal gündəlikdə olan məsələlərlə bağlı faydalı təkliflərin irəli sürüləcəyinə inanır.
Forumda 53 ölkədən 400-ə qədər nümayəndənin, o cümlədən dövlət və hökumət başçılarının, sabiq dövlət və hökumət başçılarının, gənc liderlərin iştirak etdiyini nəzərə çatdıran Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri pandemiya ilə əlaqədar Forumun ənənəvi olaraq keçirildiyi zamanda dəyişiklik olduğunu, növbəti Forumun gələn il martın ortalarında baş tutacağına inandığını söyləyib.
Qlobal Bakı Forumu — Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən ənənəvi Forumdur. 2013-2022-ci illər aralığında sayca 8 forum baş tutub. Sonuncu, VIII Qlobal Bakı Forumu 4-6 noyabr 2021-ci il tarixlərində keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.