AZƏRBAYCAN XƏBƏRLƏRİ

Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisini qəbul edib

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Sputnik
BAKI, 15 iyun - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 15-də ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridi qəbul edib.
Karen Donfrid ABŞ Dövlət katibi Entoni Blinkinin salamlarını Prezident İlham Əliyevə çatdırıb. Dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Entoni Blinkinə çatdırmağı xahiş edib.
Görüşdə əlaqələrimizin gündəliyinin geniş olduğu qeyd edilib, onun enerji sahəsində əməkdaşlıq, regionda təhlükəsizlik, postmünaqişə dövrü, Azərbaycan və Ermənistan arasında əlaqələrin normallaşdırılması və digər məsələləri əhatə etdiyi bildirilib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan Cənubi Qafqazı əməkdaşlıq regionu kimi görmək istəyir.
Prezident İlham Əliyev ABŞ Prezidenti Cozef Baydenin Azərbaycanın Müstəqillik Günü münasibətilə və Bakı Enerji Həftəsi çərçivəsində ona ünvanladığı məktublarda, həmçinin özünün Cozef Baydenə məktubunda qeyd olunmuş məsələlərin ikitərəfli münasibətlərin inkişafı baxımından önəmini vurğulayıb.
Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Prezident: “Şuşa Bəyannaməsi münasibətlərimizin zirvədə olduğunu göstərən mühüm sənəddir”