BAKI, 15 iyun - Sputnik. Azərbaycan vətəndaşlarının xaricdə patentləşdirdiyi ixtiranın xərclərinin yarısı dövlət tərəfindən qarşılanacaq.
Prezident İlham Əliyev bununla bağlı "İxtiraçılıq fəaliyyətinin stimullaşdırılması haqqında" fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikasında ixtiraçılıq fəaliyyətini stimullaşdırmaq və bu sahəyə dövlət dəstəyi göstərmək məqsədilə ixtiraların və faydalı modellərin Patent Əməkdaşlıq Sazişi (PCT) beynəlxalq sistemi vasitəsilə xarici dövlətlərdə patentləşdirilməsi və onların ilk üç il müddətində qüvvədə saxlanılması üçün Azərbaycan Respublikasının vətəndaşı olan hüquq sahiblərinin ödədikləri xərclərin 50 faizi dövlət tərəfindən maliyyələşdiriləcək.
Nazirlər Kabineti isə xərclərin dövlət tərəfindən maliyyələşdirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etməlidir.