Tacikistan-Qırğızıstan sərhədində atışma - bir nəfər həlak olub

Yerli KİV-in rayon sakinlərindən aldığı məlumata əsasən, atışma bu gün səhər saat 06:00 radələrində Suqd vilayətinin İsfara şəhərinin Vorux rayonunun Kex ərazisində qeydə alınıb.
Sputnik
BAKI, 14 iyun — Sputnik. İyunun 14-ü səhər saatlarında Tacikistan-Qırğızıstan sərhədində atışma olub. Bu barədə Tacikistanın "Asia Plus" xəbər agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, bu gün səhər saat 06:00 radələrində Suqd vilayətinin İsfara şəhərinin Vorux rayonunun Kex ərazisində Tacikistan və Qırğızıstan sərhədçiləri arasında atışma olub. Nəticədə bir tacikistan sərhədçisi həlak olub.
Bu barədə KİV yerli sakinlərə istinadla məlumat yayıb. Yerli sakinlər həlak olanın müddətli hərbi qulluqçu olduğunu iddia ediblər. Rəsmi orqanlar hələlik bu məlumatı təsdiqləməyib.
Xatırladaq ki, iyunun 3-də Qırğız Respublikası Sərhəd Xidmətinin mətbuat mərkəzi Tacikistanın Qırğızıstanla sərhəddəki münaqişə bölgəsinə ağır texnika cəmləməsi barədə məlumat yaymışdı.
Məlumata görə, Tacikistan sərhədçilərinin qanunsuz olaraq Qırğızıstanın Batken vilayətinin eyniadlı rayonunun Bulakbaşı yaşayış yerinə keçdikləri aşkarlanıb. Qırğız hərbçilər Tacikistan sərhədçilərinin ərazini tərk etmələri ilə bağlı xəbərdarlıq edib.
Bildirilib ki, buna qarşılıq olaraq Tacikistan sərhədçiləri atəş açıblar. Məlumata əsasən, tacikistanlı sərhədçilər minaatanlardan istifadə ediblər.
İlkin məlumata görə, Qırğızıstan tərəfdən itki və yaralının olmadığı bildirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.