AZƏRBAYCAN XƏBƏRLƏRİ

Şuşa Bəyannaməsinin ildönümü - xarici qonaqlar Şuşaya gəlirlər

Konfransda Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası ilə Yeni Azərbaycan Partiyasının rəhbər şəxsləri iştirak edəcəklər.
Sputnik
BAKI, 14 iyun — Sputnik. Sabah Şuşada beynəlxalq konfrans keçiriləcək. Şuşa Bəyannaməsinin birinci ildönümünə həsr olunan "Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir" mövzusunda keçiriləcək konfransda Azərbaycan və Türkiyənin dövlət və hökumət nümayəndələri, o cümlədən Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası ilə Yeni Azərbaycan Partiyasının rəhbər şəxsləri iştirak edəcəklər.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciəti oxunacaq.
Daha sonra Şuşa Bəyannaməsindən irəli gələn məsələlərlə bağlı panel müzakirələr keçiriləcək.
Türkiyənin sabiq baş naziri, Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım da Azərbaycana səfərə gəlir. O da Şuşada keçiriləcək beynəlxalq konfransda iştirak edəcək.
Ondan başqa tədbirə Türkiyənin kənd təsərrüfat və meşəçilik naziri Vahit Kirişçi, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Milliyyətçi Hərəkat Partiyasının (MHP) baş katibi İsmail Büyükataman da qatılacaq.
(APA)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.