BAKI, 14 iyun — Sputnik. Çimərlik mövsümü iyunun 15-dən başlamalı olsa da, artıq çimərliklərə üz tutanların sayı kifayət qədərdir. Əlbəttə dəniz istirahət üçün əvəzsiz nemətdir. Amma hər çimərlik mövsümündə xeyli sayda insan dənizdə batmaq təhlükəsi ilə üzləşir. Onların arasında xilas edilənlər də olur, həyatını itirənlər də...
FHN çimərliklərdə monitorinq keçirib
Bəs dənizdə batmaq təhükəsi ilə üzləşməmək üçün hansı qaydalara əməl edilməlidir? Hansı çimərliklərdə çimmək təhlükəlidir? Sputnik Azərbaycanın bu suallarına Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi Aqşin Əlili cavab verib.
O, bildirib ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən çimərlik mövsümünə hazırlıqla əlaqədar müvafiq qanunvericiliyə uyğun zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib. Onun sözlərinə görə, aprel ayından etibarən sahilboyu ərazilərdə aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə monitorinqlər keçirilib. Monitorinqlər zamanı çimərlik üçün təhlükəsizlik baxımından istifadəyə yararsız və təhlükəli ərazilər müəyyən edilib.
Harada xilasedici yoxdursa...
A.Əlili bildirib ki, vətəndaşlar çimərliklərdə batmaq təhlükəsi ilə üzləşməmələri üçün xilasedici olmayan çimərliklərdə çimməkdən çəkinməlidirlər. Ötən il də, əvvəlki mövsümdə də çimərliklərdə ölüm halları əsasən xilasedicilərin nəzarətindən kənar çimərliklərdə qeydə alınıb:
"Dənizdə çimməyə gedən vətəndaşlar ilk növbədə bu məqama diqqət yetirməlidirlər. Hansı çimərlikdə bizim xilasedicilərimiz xidmət göstərmirsə, deməli, o çimərlikdə çimmək təhlükəlidir".
Bu çimərliklərə qadağanedici lövhələr vurulacaq
A. Əlilinin sözlərinə görə, mövsümə hazırlıqla bağlı aparılan monitorinq zamanı təhlükəli çimərliklərə giriş-çıxışı məhdudlaşdıran lövhələrin vurulması barədə yerli icra orqanlarına tövsiyələr verilib. Sualtı müayinələr zamanı dənizin bəzi yerlərində iqlim dəyişikliyi ilə əlaqədar suyun səviyyəsinin aşağı endiyi üzə çıxıb. Suyun altından daş-qaya parçaları təmizlənib.
Bu çimərliklərdə çimmək təhlükəlidir
Xidmət rəisi bildirib ki, Xəzər rayonu Şüvəlan qəsəbəsində "Mil-Qaya" və "Şimal Qres" adlanan ərazi kifayət qədər təhlükəlidir. Orada sualtı axınlar var. Həmçinin suyun altında daş-qaya parçalarına rast gəlinib. Qayalıqların nəticəsində sualtı axının normadan artıq olduğu məlum olub:
"Nardaran yolunun üstündə, Bilgəh ərazisində, "12-ci dalan" adlanan yer, Nardaranla Bilgəhin arasında yerləşən, camaat arasında "Rus çimərliyi" adlanan çimərlik, Ləhiş bağlarında "Estekada", Goradil və Novxanı qəsəbələri arasında "Sarı Qaya", Novxanıda "Ləman" çimərliyinin yaxınlığı, Qaradağ rayonunda "Mayak" çimərliklərində sualtı axınlar normadan artıqdır, həmçinin də qayalıqlar var".
A. Əlili bəzən bir çimərlikdə bir neçə şəxsin batmasının səbəbini də açıqlayıb. Deyib ki, bir çimərlikdə bir neçə nəfərin batması köməyə gələnlərin boğulması nəticəsində baş verir: "Kimsə nəzarətsiz çimərlikdə çimdikdə boğulur. Bu zaman ətrafdakılar ona kömək etmək istəyir. Onlar peşəkar dalğıc olmadıqlarından suda boğulurlar. Ona görə biz xəbərdarlıq edirik ki, nəzarət olunmayan ərazilərdə çimmək təhlükəlidir. Harada xilasedici yoxdursa, oradan uzaq durmaq lazımdır!"
Çimərliklərdə su axınını necə müəyyən etməli?
Həmsöhbətimiz deyir ki, çimərlikdə daş-qaya parçaları insanı suyun altında zədələyə bilər. Belə halda insan suyun altında huşunu itirə, qanaxmadan ölə bilər. İnsanlar su axını olan yerləri özləri müəyyən edə bilməzlər. Bir də görürsən ki, su dayazdır, lakin qəflətən onun dərinliyi artır. Su axınlarını kənardan insanlar müəyyən edə bilmir.
"Belə halda dənizdən sahilə doğru üzməyə çalışırıq, sahilə çata bilmiriksə, bu o deməkdir ki, biz su axınına düşmüşük. İlkin olaraq su axınına düşdükdə təşvişə düşməmək lazımdır. Çünki, su axını insanı suyun altına çəkmir. Bundan qurtulmaq üçün sahilə doğru paralel üzmək lazımdır", - Xidmət rəsmisi bildirib.
Hava küləklidirsə, üzməyin!
A.Əlili qeyd edir ki, küləyin sürəti saniyədə 10 metrdən yüksəkdirsə, qanunvericiliklə çimmək qəti qadağandır. Küləkli havada vətəndaşlara dənizdə çimməyə icazə verilmir.
Onun sözlərinə gröə, digər bir problem valideyn nəzarətindən kənarda qalmış uşaqlarla bağlıdır:
"Valideynlərin başı qarışır, bir də ayılırlar ki, uşaq yoxdur. Bizə çox belə müraciətlər olunur. Bilmirik uşağı suda axtaraq, yoxsa quruda. Nəzarətsiz ərazilərdə üstünlük təşkil edən ölüm səbəblərindən biri də budur. Nazirlər Kabinetinin qərarında qeyd edilib ki, 13 yaşından aşağı uşaqlar çimərliklərdə valideyn nəzarəti altında olmalıdır, çünki onlar müstəqil qərar verə bilmirlər. Amma valideynlər bunu nəzərə almırlar.
Bağırsaq çöpləri aşkarlanan çimərliklər
May ayının 16-dan etibarən Xəzər dənizinin çimərlik ərazilərində monitorinqlərə start verilib. Monitorinqlər iki qurum tərəfindən aparılıb. Həmin çimərlik ərazilərində dəniz suyu nümunələri götürülür və Səhiyyə Nazirliyində və ETSN-in laboratoriyalarında dəniz suyunun keyfiyyət göstəricilərinə baxılır. Buna uyğun olaraq hansı çimərlik ərazilərində daha çox bioloji, kimyəvi çirklənmənin olduğu müəyyənləşdiriləcək.
Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov "Çimərlikdə dəniz suyunun monitorinqi" mövzusunda danışarkən deyib ki, vətəndaşlar Xəzər, Sabunçu və Binəqədi rayonları ərazisindəki çimərliklərdən istifadə edə bilərlər:
"Aparılan monitorinqlərin nəticəsinə görə, Xəzər və Binəqədi rayonu ərazisindəki çimərliklərdə vətəndaşların çimməsi məqsədəuyğundur. Qaradağdakı Sahil, Səbaildəki Şıx çimərliyi, Hövsan və Türkan çimərliklərində vətəndaşların çimməsi məqsədəuyğun sayılmır. Çünki bu ərazilərdə külli miqdarda bakteriya aşkarlanıb. Nəticələr barədə aidiyyəti qurumlara məlumatlar veriləcək".
Onun sözlərinə görə, monitorinqlər zamanı nümunələr çimərliyin üç nöqtəsindən götürülür. Çimərliklərdə mövsüm dövründə mütəmadi yoxlamalar aparılacaq. Bu iş hər həftə oktyabr ayının 1-dək davam etdiriləcək. Regionlarda da bu tədqiqatlar çimərlik mövsümünün sonunadək davam etdiriləcək.
Z.Kazımov bildirib ki, Suraxanıda yerləşən Duzlu göldə çimmək qadağan edilib. Çünki həmin ərazidə heç bir təmir işləri getmir və antisanitar şərait hökm sürür.
Qeyd edək ki, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov da mətbuata açıqlamasında bildirib ki, Hövsan kanalı və digər çirklənmə mənbələrindən gələn çirkab suları ilə Xəzər dənizi çirklənir. ETSN olaraq dəfələrlə aidiyyəti qurumlar qarşısında məsələ qaldırıblar:
"Hövsan və Bakı ərazisində olan digər kanallar ətraf qəsəbələrin çirkab sularını özündə birləşdirir. Gələcəkdə bu kanallar vasitəsilə axıdılan çirkab sularının ümumiləşdirilmiş kanalizasiya şəbəkəsinə qoşularaq qarşısı alınmalıdır. "Azərsu"nun baş planında bu problemlərin aradan qaldırılması nəzərdə tutulub".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.