TƏHLİL

Nüvə müharibəsi riski "soyuq müharibə"dən bəri ən yüksək səviyyədədir

Dünyada "soyuq müharibə"dən sonra ilk dəfə olaraq nüvə arsenallarında faktiki artım müşahidə olunacaq.
Sputnik
BAKI, 14 iyun — Sputnik. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun hesabatına görə, "nüvə klubu"nda olan bütün dövlətlər döyüş başlıqlarının sayını artırır.
Nüvə silahından istifadə riski "soyuq müharibə"dən bəri ən yüksək həddə çatıb. Bu, "nüvə klubu" ölkələrinin öz arsenallarını fəal şəkildə artırmağa başlaması ilə bağlıdır. Bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) bazar ertəsi dərc etdiyi hesabatda deyilir.
"Nüvə silahından istifadə riski hazırda soyuq müharibənin pik dövründən bəri ən yüksək səviyyədədir", - institutun ekspertləri belə deyirlər.
Hal-hazırda "nüvə silahlarının azaldılması prosesinin bitdiyinə dair aydın əlamətlər var", "nüvə klubunda"kı bütün güclər (Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Çin, Hindistan, Pakistan, İsrail və Şimali Koreya) isə döyüş başlıqlarının sayını artırır və nüvə arsenallarının modernləşdirilməsini həyata keçirir", - deyə onlar qeyd edirlər.
Tədqiqatçıların fikrincə, bu ölkələrin əksəriyyətinin "nüvə ritorikasını gücləndirməsi" və "hərbi strategiyalarında nüvə silahının rolunun getdikcə daha böyük əhəmiyyət kəsb etməsi" də beynəlxalq gərginliyin güclənməsinə xidmət edir.
SIPRI-nin məlumatına görə, "nüvə klubu"na daxil olan bütün ölkələr fəal şəkildə nüvə silahı ilə bağlı proqramlar hazırlayır və ya mövcud arsenallarını artırırlar. Xüsusilə, "Böyük Britaniya 2021-ci ildə nüvə başlıqlarının ehtiyatlarına məhdudiyyətin artırılacağını elan edib", və "onların sayını ictimaiyyətə açıqlamamağa" qərar verib. Fransa isə "rəsmi olaraq nüvə silahları ilə təchiz edilmiş üçüncü nəsil sualtı qayığın inkişafı proqramına başlayıb".
İnstitutda, həmçinin, qeyd edilir ki, Hindistan və Pakistan "atom silahı ehtiyatlarını artırır və yeni çatdırılma sistemlərini inkişaf etdirir", İsrail isə "özünün nüvə arsenalını modernləşdirir". Eyni zamanda, KXDR "nüvə silahlarını aktiv şəkildə sınaqdan keçirir" və ekspertlərin fikrincə, "əlavə 45-55 ədəd istehsal etmək üçün kifayət qədər resursla artıq 20 döyüş başlığını istehsal edib". Nəhayət, SIPRI ekspertləri deyirlər ki, peyk görüntüləri Çində 300 yeni buraxılış şaxtasının tikildiyini göstərir.
Beynəlxalq vəziyyətin pisləşməsi
Hesabatda qeyd edildiyi kimi, vəziyyəti nüvə diplomatiyası sahəsində bir sıra problemlərə səbəb olan "dünya gücləri arasında münasibətlərin əhəmiyyətli dərəcədə pisləşməsi" daha da gərginləşdirir. Xüsusilə, bütün nüvə silahlarının 90%-dən çoxunu təşkil edən Rusiya və ABŞ arasında strateji sabitliyə dair danışıqlar Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatına başladıqdan sonra faktiki olaraq dondurulub.
Bundan əlavə, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri (Çin, Rusiya, Fransa, ABŞ və Böyük Britaniya) nüvə silahlarının qadağan edilməsi Müqaviləsinə hələ də qoşulmayıblar. İranın nüvə proqramının inkişafı üzrə birgə hərtərəfli Fəaliyyət Planı isə danışıqlar aparan tərəflər tərəfindən hələ ki, razılaşdırılmayıb.
Perspektivlər
SIPRI ekspertləri belə qənaətə gəliblər ki, aparıcı qlobal dövlətlərin hərbi strategiyalarında müşahidə edilən dəyişiklikləri və diplomatik tərksilah səylərinin durğunluğunu nəzərə alaraq, dünyada "soyuq müharibə"dən sonra ilk dəfə olaraq nüvə arsenallarında faktiki artım müşahidə olunacaq. Stokholm İnstitutunun məlumatına görə, gələcəkdə bu tendensiya uzunmüddətli və "növbəti onillik ərzində davam edəcək" ola bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.