BAKI, 14 iyun — Sputnik. Moldova Respublikası Azərbaycandan təbii qaz ala bilər. Bunu Moldova baş nazirinin müavini, infrastruktur naziri Andrey Spınu deyib. Moldova baş nazirinin müavini təfərrüatları açıqlamasa da, "Azərbaycandan təbii qazın alınması bu il də baş verə bilər" deyib.
"Moldovanın Azərbaycandan qaz almaq şansı var. Ölkəmiz, nəhayət ki, qaz tədarük mənbələrini şaxələndirməyə başlaya bilər. Vaxtını deməyəcəyəm, amma zəmanət verirəm ki, Moldovanın yaxın illərdə şaxələndirilmiş qaz mənbələri olacaq", - deyə Spınu bildirib.
Baş nazirin müavininin sözlərinə görə, belə bir imkan hazırda Azərbaycan nümayəndələri ilə müzakirə olunur. Bundan əlavə, Moldovanın Azərbaycandan aldığı qazın qiymətləri aşağı olanda, qaz ehtiyatını yaratmaq üçün anbarları icarəyə götürmək ehtimalı var.
Spınu onu da qeyd edib ki, Azərbaycan qazının qiyməti ilə bağlı məsələ hələ razılaşdırılmayıb. Bu, müzakirə edilməlidir.
Moldova baş nazirinin müavini əlavə edib ki, hazırda ölkədə, əgər nə zamansa böhran yaranarsa, qaz ehtiyatları var. Moldovaya qaz təchizatı ilə bağlı fövqəladə hallarda kreditin verilməsi, eləcə də soyuq mövsüm üçün ehtiyatların formalaşdırılması məqsədilə Avropa yenidənqurma və inkişaf bankı (AYİB) ilə danışıqlar aparılır.
Kişinyovun qazla bağlı problemləri
Xatırladaq ki, Moldovada illik qaz istehlakı həcmi təxminən 2,9 milyard kubmetr qədər qiymətləndirilir. 2021-ci ilin payızında Moldova istehlakçıları üçün qaz tarifi kəskin şəkildə - hər 1000 kubmetr üçün 148 dollardan 430 dollara qədər artırılıb.
2021-ci ilin oktyabrında Rusiyanın "Qazprom" şirkəti "Moldovaqaz"ı Rusiyanın qaz ixracatçısına artan borcuna görə tədarükləri dayandırmaqla hədələyib.
Belə ki, Avropada qazın bahalaşması fonunda Rusiya qazının Moldova üçün qiyməti il ərzində xeyli artıb. "Moldovaqaz" "Qazprom"a olan borcunu ödəmək üçün ölkə hökumətinə 74 milyon dollar məbləğində kredit verilməsi xahişi ilə müraciət edib. Nəticədə "Moldovaqaz" "Qazprom"a olan borcunu ancaq yanvarın 20-də ödəyə bilib.
Azərbaycan qazının ixracı artır
Bundan əvvəl Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib ki, 2022-ci ilin ilk beş ayında Azərbaycanda qaz hasilatı 15,3%, qaz ixracı isə 27% artıb. Şahbazov bildirib ki, hasil edilən 19,6 milyard kubmetr qazın 9,4 milyard kubmetri ixrac edilib.
Belə ki, qaz ixracının 48%-i Avropanın, 38%-i Türkiyənin, 14%-i Gürcüstanın payına düşüb.
Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.
Trans-Adriatik Qaz Kəməri (TAP) - Azərbaycandan hər il 10 milyard kubmetr təbii qazı Avropa bazarlarına nəql edəcək "Cənub qaz dəhlizi"nin Avropa qoludur. Boru kəmərinin potensialı onun ötürmə qabiliyyətini iki dəfə - ildə 20 milyard kubmetrə qədər artırmağa imkan verir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.