Tarixə nəzər salsaq görərik ki, XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan çox keçmədən böyük təhlükələrlə üzləşib. 1993-cü il iyununda ölkədə hakimiyyət böhranı kulminasiya həddinə çatıb, xaos və anarxiya respublikanı bürüyüb. Vətəndaş müharibəsi həddinə çatan qarşıdurma təkcə dövlət müstəqilliyinə qarşı deyil, həm də millətin varlığına qarşı yönəlib.
Cəmiyyətin bütün təbəqələri əmin idilər ki, müstəqilliyini yeni bərpa edən ölkəni çətin vəziyyətdən çıxara biləcək yeganə şəxs məhz Heydər Əliyev olub.
1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıdaraq ölkəni faktiki olaraq fəlakətdən xilas edib.
İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçilib və böyük risklərə baxmayaraq, qurtuluş missiyasını cəsarətlə öz üzərinə götürüb.
"Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır", – deyə Heydər Əliyev qeyd edib.
Beləliklə, uzun illər davam edən gərginlik və qarşıdurma səngiyib, respublika vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas olub.
1993-cü il oktyabrın 3-də Heydər Əliyev xalqın böyük səs çoxluğu ilə ölkənin prezidenti seçilib.
1993-cü il iyunun 15-də Milli Məclisin iclasında çıxış edən Heydər Əliyev sonrakı illərdə Azərbaycan dövlətçiliyinin inkişafı ilə bağlı həyata keçirdiyi növbəti strategiyanı elan edib.
Azərbaycanın həqiqətlərini dünya ictimaiyyətinə çatdırılması məqsədilə Heydər Əliyev 1993-cü il iyunun 20-də yerli və xarici jurnalistlər üçün brifinq keçirib.
İyunun 21-də Heydər Əliyev bir sıra ölkələrin diplomatları ilə görüşüb. Bu sahədə aparılan siyasət respublikanı informasiya blokadasından çıxarıb.
Dünyada Azərbaycana qarşı formalaşan münasibət müsbət istiqamətdə dəyişib.
Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan dinamik inkişaf edən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan, ötən dövr ərzində böyük iqtisadi uğurlara imza atan müasir dövlətə çevrilib.