BAKI, 14 iyun — Sputnik. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əliyarov Riyad Məmməd oğlu iyunun 13-də Kəlbəcər rayonu ərazisində elektrik cərəyanının vurması nəticəsində ölüb.
Bu barədə Hərbi Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, Kəlbəcər Hərbi Prokurorluğuna daxil olmuş məlumat əsasında əməkdaşlar tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb, müvafiq ekspertizalar təyin edilib və digər zəruri hərəkətlər icra edilib:
"Fakt üzrə Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin olunacaq. Hərbi Prokurorluğun rəhbərliyi səbəbindən asılı olmayaraq istənilən ölüm faktının araşdırılmasını nəzarətə götürür və hərtərəfli, tam və obyektiv araşdırma aparılması təmin olunur".
Xatırladaq ki, bir müddət öncə Azərbaycan Respublikasının Hərbi Prokurorluğu Müdafiə Nazirliyinin hərbi qulluqçusunun odlu silahdan atəş açmaqla özünü öldürməsi ilə bağlı məlumat yaymışdı.
Bildirilib ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Abdullazadə Səid Məzahir oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Kəlbəcər Hərbi Prokurorluğuna məlumat daxil olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.