MƏDƏNİYYƏT

SSRİ-nin ən məşhur uşağı: Çarli Çaplinin diqqətini çəkən azərbaycanlı kimdir?

Suğra Bağırzadənin 1959-cu ildə Moskvada "Bolşoy Teatr"ın səhnəsində solo ifa etdiyi "Cücələrim" 100-dən artıq dilə tərcümə olunub.
Sputnik
BAKI, 13 iyun — Sputnik. Bir zamanlar o nəinki Azərbaycanın, bütün SSRİ-nin ən tanınmış uşaqlarından biri olub. Onu SSRİ məkanında tanıdan isə bəstəkar Qəmbər Hüseynlinin şair Tofiq Mütəllibovun sözlərinə yazdığı "Cücələrim" mahnısı olub. Söhbət Əməkdar artist Suğra Bağırzadədən gedir. Suğra xanım taleyində böyük rol oynayan "Cücələrim"mahnısının yaranma tarixçəsini belə anladıb:
"1957-ci ildə o vaxtkı Qaqarin (kosmonavt Yuri Qaqarin - red.) adına Pionerlər Sarayının üzvü idim. Əfsər Cavanşirov səsimi yoxladı və bu mahnını oxumağa mənə həvalə elədi. Onda 3-cü sinifdə oxuyurdum. Bir gün məşq zamanı xoreoqrafiya dərnəyinin rəhbəri səsimi eşitdi və məndən xahiş elədi ki, bu mahnını bir daha oxuyum. Qulaq asdı və getdi. Sonra o, Əfsər müəllimə bu mahnıya rəqs qurmaq istədiyini deyib. Onlar mənim rəqs bacarığımı yoxladılar, sonra mahnının xoreoqrafiyası quruldu. Ona görə həmişə deyirəm ki, mən "Cücələrim" mahnısının xoreoqrafik quruluşda ilk ifaçısıyam".
1959-cu ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyündə "Bolşoy Teatr"ın səhnəsində solo ifa etdiyi "Cücələrim" mahnısı onun taleyində "yaşıl işıq" oldu. Məhz Suğra Bağırzadənin ifasında, maestro Niyazinin dirijorluğu və Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə "Cücələrim" mahnısı Artek pioner düşərgəsində buraxılan "Dünyanın ən yaxşı uşaq səsləri" musiqi valına daxil edilib. Beləliklə, Suğra Bağırzadə SSRİ məkanında tanınmış bir uşaq olub.
"Ümumdünya konsertlərində iştirak edirdim. 45 gün Artek pioner düşərgəsində istirahət elədim. Orada Azərbaycan mahnıları ilə yanaşı, dünya mahnılarını da oxuyurdum. Hər ölkədən bir uşaq seçilmişdi. Azərbaycandan da mən seçildim. Mənimlə 3 ay dünya şöhrətli sənətkar Rəşid Behbudov məşğul oldu. O, mənə həm dünya, həm də Azərbaycan mahnılarını öyrədirdi. 1960-cı ildə "Dünyanın ən yaxşı uşaq səsləri" musiqi valı "Moskva melodiyası" tərəfindən buraxılmışdı. İndiyə qədər dünyadakı bütün musiqi saytlarında mənim ifamda olan "Cücələrim" musiqisi paylaşılır".
Vaxtilə Azərbaycan kino xadimləri Fransada olarkən, dünya şöhrətli Çarli Çaplin gələnlərin Azərbaycandan olduğunu biləndə piano arxasına keçib 100-dən çox dilə tərcümə edilən "Cücələrim"i ifa edib və qonaqlara üz tutub deyib: "Demək, siz bu melodiyanın vətənindənsiniz?! Məndən o bəxtəvər bəstəkara salam yetirin!"
Daha sonra 12 yaşında S.Bağırzadə "Azərbaycanfilm" kinostudiyasına dublyaj aktrisası kimi dəvət olunub. 8-ci sinifdə oxuyarkən rejissor Zeynəb Kazımovanın "Yollar və küçələrlə" qısametrajlı filmində baş rolda çəkilib. 1963-cü ildə isə Ağarza Quliyevin böyük populyarlıq əldə etmiş, uğur və tamaşaçı məhəbbəti qazanmış "Ulduz" filmində Yetər roluna dəvət olunub.
"Yollar və küçələr"(1963), "Ulduz"(1964), "Alma almaya bənzər"(1975), "Şir evdən getdi"(1977), "Tələ"(1990), "Yuxu"(2001), "Güllələnmə təxirə salınır"(2002) və s. filmlərdə müxtəlif xarakterli obrazlar yaradan Suğra xanım deyir ki, onu kinostudiyada çəkiliş qrupuna dəvət edərək Yetər obrazını həvalə ediblər:
"Filmin rejissoru 15 yaşım olduğunu bildiyindən məni bu filmə çəkmək istəmirdi. Ancaq Yuli Fogelman bir operator kimi məni bu filmə çəkməkdə israrlı idi. Hətta məni sınaq çəkilişlərinə çağıranda demişdi ki, çəkilişə gələrkən hündürdaban ayaqqabı geyin, saçına düzən ver ki, böyük qız kimi görünəsən. Elə də etdim və məni bu rola təsdiq etdilər".
Suğra Bağırzadə 1970-ci ildə Azərbaycan Neft-kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası - red.) Mühəndislik-texnologiya fakültəsini bitirdikdən sonra yenidən kinostudiyaya mühəndis kimi qayıdır. Bununla yanaşı, aktrisa kimi fəaliyyətini davam etdirib, bir çox filmlərdə yaddaqalan obrazlar yaradıb.
Aktrisa həm də rəssamlıqla məşğuldur. Onun əvvəllər güllərlə işləmək hobbisi tədricən peşəkar səviyyəyə keçib. Təbii güllərdən yaratdığı kompozisiyalar ona floraçı-rəssam şöhrətini gətirib. Gözəlliyi ilə illərə meydan oxuyan aktrisa "Floristika" İncəsənətə Dəstək adlı İctimai Birliyin yaradıcısıdır. O, həm də Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Kinematoqrafçılar, MDB və Baltik ölkələri Kino İttifaqları Konfederasiyasının, 2004-cü ildən Ümumdünya Floristlər Şurasının üzvüdür. Bu Şuraya 27 ölkə daxildir. Suğra xanım Şurada nəinki Azərbaycanın, həmçinin türkdilli ölkələrin ilk və yeganə təmsilçisidir.
Bu günə qədər Latviya, Rusiya, Fransa, Malayziya, Yeni Zelandiya, Böyük Britaniya, Xorvatiya, Yaponiya, Çin kimi ölkələrdə Azərbaycanı təmsil edib. Həmçinin Ümumdünya Floristlər Şurasının müxtəlif ölkələrdə keçirilən sammitlərində əsərləri nümayiş olunub. Azərbaycan dilində ilk dəfə nəşr edilən "Floristika" kitabının müəllifidir.
16 dekabr 2016-cı ildə mədəniyyətə verdiyi böyük töhfələrə görə Beynəlxalq Təltiflər İttifaqının Birləşmiş Millətlərin İctimai Mükafat üzrə Şurası tərəfindən "Fayda, şərəf və şöhrət" ordeni ilə təltif edilib. 1 avqust 2018-ci ildə "Tərəqqi" medalına layiq görülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.