BAKI, 13 iyun — Sputnik. Şamaxı şəhərindən 6 kilometr məsafədə, eyniadlı kəndin yaxınlığında yerləşən Kələxana türbələri ətrafında arxeoloji qazıntı işləri aparılır.
Arxeoloji qazıntı işləri türbələrin yaxınlığında aparılır. Qazıntılara AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Albanşünaslıq Elmi Mərkəzinin rəhbəri, tarix elmləri doktoru, professor Qafar Cəbiyev başçılıq edir. Ekspedisiya rəhbərinin sözlərinə görə, qısa müddət ərzində burada o dövrün dini komplekslərindən birinə mənsub möhtəşəm bina qalıqları aşkar edilib. Tarixçi onu da qeyd edib ki, araşdırma may ayında başlayıb. Qazıntıların bu ayın sona qədər davam edəcəyi gözlənilir.
Məlumat üçün bildirək ki, türbə Hicri tarixlə 1074-cü ildə (miladi 1663/1664) sərkar rütbəli memar Əbdüləzim tərəfindən inşa edilmişdir.
Kələxana türbələri, orta əsrlər Azərbaycan memarlıq abidələri arasında eyni dövrdə yaranmış nadir kompleks tikililərindən biridir. Kompleksə daxil olan türbələrin eyni vaxtda inşa edilməsini göstərən əsas faktlardan biri odur ki, 1636-cı ildə həmin ərazidə olmuş səyyah Adam Oleari türbələr haqqında heç bir məlumat verməsə də, XVIII əsrin əvvəlində Şirvana səfər etmiş Kornelius de Bruin kitabında yerləşdirdiyi rəsmdə artıq doqquz türbənin hər birini göstərir. Türbə üzərində dövrümüzə çatmış tarix (1663-1664) də nəzərə alındıqda, digər türbələrin də təxminən həmin illərdə, mümkün ki, eyni memar tərəfindən inşa edilməsini düşünmək olar.