BAKI, 13 iyun — Sputnik. Dünən Bakı-Şamaxı yolunda məktəbliləri istirahətdən gətirən avtobusun qəzaya uğraması şagirdlərin məktəbdənkənar gəzintisinin düzgün təşkili məsələsini aktuallaşdırıb. Ölkəmizdə bir mövsümdə sayca üçüncü belə qəza hadisəsinin baş verməsi şagirdlərin gəzintisini təşkil edən tur şirkətlərinin məsuliyyətsizliyi və qeyri-peşəkarlığı problemini də ortaya çıxarıb.
Məktəb direktoru gəzintidən xəbərsizdir?
279 saylı məktəbin direktoru Südabə Abdullayeva gəzinti istirahət günü təşkil olunduğundan, hadisədən gecə saat 00:01 radələrində xəbər tutduğunu söyləyib: "Mənə bu gəzinti barədə heç kəs məlumat verməyib. Sinif müəlliməsini də valideynlər qonaq edib. Arzu müəllimə də bu qəzada ciddi xəsarət alıb. Əllərini avtobusun ön şüşəsinin qırıqları doğrayıb. Zərbədən uşaqlar və müəllimə dərəyə yuvarlanıb. Burada əsas məsuliyyət turu təşkil edən şirkətdədir. Onlar qeyri-peşəkar tur təşkil etdiklərinə görə cavab verməlidirlər. Biz Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə hadisə baş verən andan uşaqların yanındayıq".
S. Abdullayeva bildirdi ki, uşaqlar üçün gəzintini təşkil edən şirkət "Empaty Travel" turizm şirkətidir.
O, turizm şirkətinin səfər sığortasının olub-olmadığı barədə məlumatsız olduğunu qeyd edib: "Burada məktəb direktorunun bir günahı yoxdur axı. İstirahət günü valideynlərin uşaqları ilə haraya gedəcəklərini necə bilə bilərəm? Mənə heç bir söz deyilməyib".
Qəzada ağır yaralanan uşaq əməliyyat olumalıdır
Bakı-Şamaxı yolunda məktəbliləri istirahətdən gətirən avtobusun qəzaya uğraması nəticəsində ağır yaralanan şagirdlərdən biri, Elnur Qasımov əməliyyat ediləcək. Bu barədə məlumatı Sputnik Azərbaycan-a Elnur Qasımovun anası Aynur Qasımova verib. O, bildirib ki, hazırda Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda Elnurun əməliyyatına hazırlıq aparılır: "Oğlumun əl barmaqları sınıb. Hazırda daxili orqanlarını yoxlayırlar. Yaxın saatlarda əməliyyat edəcəklər".
Valideynlər tur şirkətindən şikayətlənir
A. Qasımova şagirdlərin gəzintisini təşkil edən tur şirkətindən də gileylənib. Bildirib ki, tur şirkəti uşaqları 8 saat özəl klinikalardan birində gözlətsə də, ödənişi etmədiklərindən uşaqlar əməliyyat olunmayıb. Hər uşaq üçün isə tur şirkəti 23 manat turpaket haqqı alıb. Valideyn səfər sığortasının olub-olmadığı barədə onlara heç bir məlumat verilmədiyini də bildirib.
A. Qasımovanın sözlərinə görə, özəl klinikada uşağının əməliyyat edilmədiyini gördükdən sonra onu Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna gətirib.
Qəzada məsuliyyətdən yaxasını geri çəkən tur şirkəti hansıdır?
O, istirahətə getmələrinin təfərrüatlarını da Sputnik Azərbaycan-la bölüşüb. Bildirib ki, bu il 4-cü sinfi başa vurduqlarına görə, valideynlər uşaqları rayonlardan birinə gəzintiyə aparmaq qərarına gəlib:
"Əslində Elnur 6-cı sinifdə oxuyur, onların sinfi getmirdi. Mən qardaşı gedirdi deyə onu da apardım. Qəfil qayıdanda sürücü avtobusu saxlaya bilmədi. Bu hadisə baş verdi. Mən özüm də belimdən travma almışam. Tur şirkəti uşaqlarımla qəti maraqlanmır".
"Empaty Travel" şirkətindən nə qədər cəhd etsək də dəstəyi qaldırıb suallarımıza cavab verən olmadı.
Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, şagirdlərin ekskursiyaları zamanı müəyyən tələblərə əməl edilməlidir. Gürcüstanda məktəb ekskursiyalarının təşkili prosesində ümumi təhsil müəssisələri ölkənin "Yol hərəkəti haqqında" Qanununa, Təhsil, Elm, Mədəniyyət Nazirinin 719 nömrəli əmri ilə "Ümumtəhsil müəssisələrinin şagirdlərinin ekskursiyaları Qaydalarının təsdiq edilməsi haqqında" qanuna uyğun olaraq fəaliyyət göstərirlər.
Bu qaydaya əsasən, turun təşkilatçısı, nəzarətçisi səyahət zamanı şagirdlərin təhlükəsizliyinə və ekskursiyanın keçiriləcəyi yerə cavabdehdir. Bunun üçün ekskursiyaya ən azı 10 gün qalmış müəyyən sənədlər məktəb direktoruna təqdim edilir. Sürücünün şəxsiyyət vəsiqəsi tələb edilir, sürücülük vəsiqəsi, ekskursiyanın məqsədləri, planlaşdırılan tədbirlər, iştirakçılar, məsul şəxslər, ekskursiyanın tarixi və yeri haqqında məlumat təqdim olunur. Məktəb direktoru təqdim edilmiş məlumatı, sənədləri nəzərdən keçirir və ekskursiyanın keçirilməsi və ya keçirilməməsi barədə şəxsi qərar qəbul edir:
"Şagirdlərin təhlükəsizliyi üçün ekskursiya gecələmədən yalnız bir gündə həyata keçirilməlidir. Məkan elə seçilməlidir ki, məktəbdən yerləşdiyi yerə qədər olan məsafə 150 km-dən çox olmasın. Ekskursiya zamanı azyaşlıların çayın və su anbarlarının ətrafına, sürüşməyə meyilli və digər həssas ərazilərə daxil olmaması vacibdir. Ekskursiya təşkilatçısı tələbəyə, onun nümayəndəsinə, digər iştirakçı şəxslərə ekskursiyanın tarixi, yeri, planlaşdırılan tədbirləri, məqsədləri, iştirakçılar və məsul şəxslər haqqında tam məlumat verməyə borcludur. Şagirdin nümayəndəsi turda onu müşayiət etmirsə, turun təşkilatçısı şagirdin valideyninin turda iştirak etmək üçün yazılı razılığını almalıdır. Turda ilk tibbi yardımı göstərmək bacarığı olan ən azı bir yetkin şəxs olmalıdır".
K. Əsədovun sözlərinə görə, tur bələdçisində iştirakçı tələbələrin və valideynlərin tam məlumatları, o cümlədən iştirakçı tələbənin xüsusi ehtiyacları haqqında məlumat olmalıdır:
"Şagirdlər, valideynlər və müəllimlər qanunla müəyyən edilmiş tələblərə uyğun olaraq, qanunvericiliklə müəyyən edilmiş qaydada texniki baxışdan keçmiş nəqliyyat vasitəsində fiziki və ya hüquqi şəxs tərəfindən ekskursiyaya aparılmalıdırlar. Nəqliyyat vasitəsini müvafiq təcrübə və müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olan sürücü idarə etməlidir. Avtomobildə ilk yardım dəsti olmalıdır".
Uşaqların daşınması qaydaları
Qeyd edək ki, "Yol Hərəkəti haqqında" qanunun 28.15 bəndinə görə, uşaq qruplarının avtobuslarla daşınması yalnız "D" kateqoriyası və ya "D1" altkateqoriyası üzrə avtomobil nəqliyyatı vasitəsinin idarə olunmasında üç il və daha çox fasiləsiz iş stajına malik olan sürücülər tərəfindən yerinə yetirilə bilər.
Uşaq qruplarının 400 km-dən artıq məsafəyə daşınması üçün uşaqları aparan hər avtobusa iki sürücü təhkim olunur. Növbəarası istirahəti 12 saatdan az olan və ya reysqabağı tibbi müayinədən keçməyən sürücülər tərəfindən, yaxud texniki vəziyyətinin reysqabağı yoxlanılması aparılmayan avtonəqliyyat vasitələri ilə uşaqların daşınması üçün reysə çıxmasına yol verilmir.
Avtobuslarla uşaq qruplarının daşınması yerinə yetirildikdə, daşınmanın sifarişçisi tərəfindən bir böyük müşayiətçi, aparılan uşaqların sayı iyirmidən çox olduqda isə iki böyük müşayiətçi təyin edilir. Müşayiətçilər uşaq qruplarının təhlükəsiz daşınması məqsədi ilə müvafiq tədbirlərin görülməsini təmin etməlidirlər. İki müşayiətçilərdən biri baş müşayiətçi təyin edilir. Həmin müşayiətçi əsas avtobusda olmalı və daşınma zamanı bu Qaydalardan irəli gələn tələblərin yerinə yetirilməsinə nəzarət etməlidir.
Azərbaycan Respublikasının ərazisində uşaq qruplarının daşınması zamanı növündən asılı olmayaraq, avtobusların hərəkət sürəti saatda 70 kilometrdən artıq olmamalıdır. Yol hərəkəti qaydalarının tələblərinə uyğun olaraq uşaqların daşınmasını yerinə yetirən avtobusların yaxın məsafə üçün işıqları günün vaxtından asılı olmayaraq yandırılmalı və onlar "Uşaqların daşınması" tanınma nişanı ilə təchiz edilməlidir.
Uşaq qruplarının saat 23.00-dan 05.00-a qədər olan vaxt ərzində, habelə yolun görünməsi məhdud olduğu şəraitdə (duman, yağış, qar və digər hallarda) daşınmasına yol verilmir. Müstəsna hallarda saat 23.00-dan 05.00-a qədər olan vaxt ərzində uşaqların dəmir yolu vağzallarına, hava və dəniz limanlarına və onların geriyə qaytarılmasına, habelə yolda ləngimə baş verdikdə, yaxındakı istirahət məntəqəsinədək (gecələmə yerinədək) daşınmasına yol verilir.
Uşaqların daşınması sayı 3-dən 10-dək avtobusun daxil olduğu kolonlarla yerinə yetirilməsi haqqında məlumat aldıqda, BDYPİ-nin müvafiq bölmələri həmin kolonların bir ədəd patrul avtomobili, kolona daxil olduğu avtobusların sayı 10-dan çox olduqda isə iki patrul avtomobili ilə müşayiət olunmasını təmin etməlidir. Bu Qaydaların və ya yol hərəkəti qaydalarının tələblərinin pozulması halları aşkar edildikdə, BDYPİ-nin əməkdaşı və ya əsas avtobusda olan baş müşayiətçi təhlükəsiz hərəkətin davam etdirilməsinə maneə yaradan halların və pozuntuların aradan qaldırılması üzrə zəruri tədbirlər görülənədək uşaqların daşınmasını qadağan edir.
Yaralananların vəziyyəti
Xatırladaq ki, hadisə iyunun 12-si saat 22:50 radələrində yolun 108-ci kilometrliyində - Şamaxının "Acı dərə" deyilən ərazisindən keçən hissəsində qeydə alınıb. TƏBİB-in bu saata olan son məlumatına görə, Bakı-Şamaxı yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərdən 2 nəfər hazırda TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisəsində müalicə alır. Vəziyyəti ağır olan 1 nəfər sol topuqda sınıq, incik sümüyünün yerdəyişmiş sınığı diaqnozu ilə Bakı şəhərində yerləşən və TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisəsində əməliyyat olunacaq.
Vəziyyəti orta ağır qiymətləndirilərək dövlət tibb müəssisəsinə gətirilən və daha sonra yaxınlarının və tur təşkilatçılarının istəyi ilə özəl tibb müəssiəsinə aparılan 2 vətəndaşdan 1 nəfər yenidən TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisəsinə gətirilib. Ona bazu sümüyünün orta üçdə birinin yerdəyişmiş sınığı diaqnozu qoyulub. Digər 1 nəfər isə bud sümüyünün dəqiqləşdirilməmiş sınığı diaqnozu ilə paytaxtda yerləşən özəl tibb müəssisəsində müalicəsini davam etdirir.
Qeyd edək ki, xəsarət alanlar dövlət tibb müəssisələrindən özəl tibb müəssisələrinə yaxınlarının və tur təşkilatçılarının nümayəndələrinin istəkləri ilə aparılıb. Təşkilatçıların nümayəndələri özəl tibb müəssisəsi ilə müqavilələri olduğunu əsas gətirərək, belə bir addım atıb.
Bir daha vurğulayırıq ki, Kütləvi İnformasiya Vasitələrində yayılan görüntülərdəki insident TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisəsində qeydə alınmayıb. Xəsarət alanların müalicəsi TƏBİB rəhbərliyinin nəzarətindədir".
Bakı Şəhəri üzrə Təhsil İdarəsi müvafiq qurumlarla birgə xəsarət alanların vəziyyətini nəzarətdə saxlayır. Qəzaya uğrayan avtobusun sərnişinləri, ümumilikdə 36 şagird (32 nəfər lV sinif və onların ailə üzvləri olan 4 nəfər digər sinif şagirdi), 4-cü sinfin rəhbəri olan müəllim və 19 nəfər valideyndən ibarət olub. Məktəb rəhbərliyinin verdiyi məlumata əsasən, şagirdlərin səfəri valideynlərin təşəbbüsü ilə birgünlük gəzinti-istirahət məqsədilə təşkil olunub.Bakı Şəhəri üzrə Təhsil İdarəsi bir daha valideynlərə çağırış edir ki, dərsdənkənar vaxtlarda və tətil müddətində bu kimi səfərlərə təşəbbüs göstərərkən müvafiq normalara cavab verən qurumlarla qanunauyğun şəkildə tərəfdaşlıq etmələri zəruridir.