SƏHİYYƏ

Gözlərimizi kor edən eynəklər: Günəşdən qorunmaq istəyərkən başımıza nə gəlir?

Ekspertlər brend malların da ziyanlı ola biləcəyini düşünürlər: Kim zəmanət verə bilər ki, hansı eynək hansı problemdən əziyyət çəkən göz üçün məsləhətlidir?
Sputnik
BAKI, 13 iyun — Sputnik. Havaların isinməsi gün eynəklərinə tələbatı artırıb. Gün eynəklərinin qiyməti isə təxminən 7 manatdan başlayır. Bu eynəklərin topdan-satış qiyməti daha ucuzdur. Əsasən Çindən gətirilən bu eynəklərə alternativ olaraq, müxtəlif optik mağazalarda "brend" adı altında müxtəlif məhsullar satılır.
Bəs, həqiqətən də bu mallar brenddirmi? Ümumiyyətlə, bu eynəklərin keyfiyyətli olub-olmadığını necə bilmək olar?
Dövlət Gömrük Hospitalının oftalmoloqu Aynurə Əliyevanın sözlərinə görə, normal gün eynəklərinin heç bir ziyanı olmasa da, göz üçün çox faydalı olsa da, keyfiyyətsiz gün eynəkləri həddindən artıq ziyanlıdır:
"Onların heç bir qoruyucu funksiyası olmur. Aldığınız gün eynəyinin keyfiyyətli olub-olmadığını öyrənmək üçün satıcıdan onun sertifikatını tələb edə, burada göstəricilərə nəzər yetirə bilərsiz. Ümumiyyətlə, gün eynəkləri alarkən gözü ultra-bənövşəyi şüalardan qoruyan spektrin olmasına diqqət yetirmək lazımdır. Qoruyucu spektrlə bağlı qeyd olunan göstəricilər 360-dan yuxarı olarsa, deməli, həmin eynəyin qoruyuculuğu yüksəkdir. Bu rəqəm 400 olarsa, daha yaxşı olar".
Həkim bildirib ki, gündən qorunmaq üçün eynək çərçivəsi seçərkən də diqqətli olmaq lazımdır. Eynək üzün ölçülərinə uyğun olmalıdır.
Optik mağazaların satıcıları isə deyir ki, Amerika, İtaliya istehsalı olan eynəklər daha bahadır.
Hazırda bazarda əsasən Türkiyə, İtaliya və Almaniya istehsalı olan şüşələr üstünlük təşkil edir. Qiymətlərə gəldikdə, brend mağazalarda keyfiyyətli gün eynəklərinin qiyməti 75-1000 manat arasında dəyişir. Bu eynəklərin hər birinin öz sertifikatı var. Həmin sertifikatda məhsul haqda bütün məlumatlar yer alıb.
Qiymətlər arasındakı fərq isə istehsalçı ölkə və eynəyin çərçivəsinə görə yaranır. Bundan başqa, şüşənin qoruyuculuğu, eynəklərin dərəcələrinə görə də qiymətdə fərqlər yaranır. Bahalı eynəklər daha dayanıqlıdır və onları rahatlıqla 6-7 il işlətmək mümkündür.
"Azad İstehlakçılar Birliyi"nin sədri Eyyub Hüseynov hazırda Azərbaycanda satışda olan gün eynəklərinin əksəriyyətinin keyfiyyətsiz olduğunu bildirib. Onun sözlərinə gröə, istehlakçı hüquqlarını qoruyan təşkilatlar hər 3 ildən bir toplaşanda bu mövzunu aktuallaşdırırlar. Gün eynəkləri əslində görmənin zəifləməsinə səbəb ola bilir.
"Bu eynəklər əmtəə bazarına daxil olmadan sertifikatlaşmalı və yoxlanılmalıdır. Lakin təəssüflər olsun ki, Azərbaycanda bu istiqamətdə iş görülmür. Nazirlər Kabinetinin 343 nömrəli qərarı (Məhsulların (işlərin, xidmətlərin) sertifikatlaşdırılmasının mərhələlər üzrə tətbiq edilməsi haqqında) ləğv olunub. Əsl firma eynəklərinin yanında xüsusi kağız testlər olmalıdır. Eynəyin üzərində polaroid yazılıbsa, həmin testə baxdıqda adi gözlə görünməyənləri görə bilirsən", - E.Hüseynov deyib.
O həmçinin xatırladıb ki, məhsulun brend olması hələ onun keyfiyyətli olması demək deyil: "Bahalı mağazalarda müəyyən standartlara əsasən hazırlanan eynəklər satılır. Lakin kim zəmanət verə bilər ki, hansı eynək hansı problemdən əziyyət çəkən göz üçün məsləhətlidir. Sadəcə, istehlakçı brend olduğu üçün bu məhsulu alır. Ümumiyyətlə, tövsiyə edirəm ki, gün eynəklərindən uzaq olun, onlar gözləri kor edirlər".
E.Hüseynovun fikrincə, ən brend gün eynəyi belə kiminsə gözünü kor edə bilər. Odur ki, gözü təbii yollarla qorumaq lazımdır.
"Gözlərinizi tənbəlləşməyə qoymayın", - AİB sədri əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.