CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ağcabədi polisi əməliyyat keçirdi

Yaşadıqları evlərin həyətyanı sahələrinə müvafiq qaydada baxış keçirilən zaman aqrotexniki qaydada qulluq edilərək yetişdirilən çətənə bitkiləri aşkar edilib.
Sputnik
BAKI, 13 iyun — Sputnik. Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakinləri Emin Təhməzov və Elman Mamedov saxlanılıblar.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, onların yaşadıqları evlərin həyətyanı sahələrinə müvafiq qaydada baxış keçirilib. Baxış zaman E.Təhməzova məxsus 76 ədəd və E.Mamedova məxsus 71 ədəd aqrotexniki qaydada qulluq edilərək yetişdirilən çətənə bitkiləri aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir. Ötən il narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə paytaxt üzrə cinayət məsuliyyətinə cəlb edilən şəxslərin sayı açıqlanıb.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından bildirilib ki, 2021-ci ildə Bakıda narkotikə görə ümumilikdə 2487 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Paytaxtın inzibati rayonları üzrə bölgüsünə əsasən, Sabunçuda 432, Binəqədidə 336, Suraxanıda 288, Xəzərdə 249, Yasamalda 225, Nəsimidə 212, Nizamidə 164, Xətai 164, Qaradağda 153, Nərimanovda 152, Səbaildə 98, Pirallahıda 14 nəfər tutulub.
Bundan başqa, 2021-ci ildə Yasamalda 2139, Sabunçuda 1 602, Suraxanıda 1 005, Nəsimidə 863, Xəzərdə 835, Binəqədidə 824, Xəzərdə 790, Nizamidə 561, Nərimanovda 417, Qaradağda 402, Səbaildə 312, Pirallahıda 63 nəfər – ümumilikdə 9 813 narkotik istifadəçisi saxlanılıb.
2015-2021-ci illər ərzində hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 30 205 fakt aşkar edilib.
Qeyd edilib ki, onlardan 9580-i narkotik vasitələrin satışı, 18 325-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 1857-si qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 443-ü isə digərləri olub: "Bu illər ərzində cinayət məsuliyyətinə 24 440 nəfər cəlb olunub. Onlardan 485 nəfəri qadın, 437 nəfəri xarici ölkə vətəndaşı olub".