BAKI, 12 iyun - Sputnik. Qərb ölkələrinə etibar etmək olmaz.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vanda gənclərlə keçirdiyi görüş zamanı deyib.
"Onlardan (Yunanıstan - red) niyə bu (Amerika - red) bazalarını yaratdığınızı soruşduqda, onlar belə cavab verirlər: "Rusiyaya qarşı". "Bəs siz Ukrayna üçün Rusiyaya qarşı nə etmisiniz? Onların sözləri yalanla doludur. Qərbə etibar etmək olmaz, xüsusən də onların siyasətinə”, - deyə Türkiyə prezidenti bildirib.
O, görüşdə Türkiyədə erkən prezident və parlament seçkilərinin olmayacağını da vurğulayıb.
"Noyabr ayında növbədənkənar seçki olmayacaq. Seçki gələn ilin iyun ayında keçiriləcək. Özünüzü o vaxta hazırlayın", - Ərdoğan deyib.
Xatırladaq ki, iyunun 4-də Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Rəcəb Tayyib Ərdoğanı 2023-cü ilin yayında keçiriləcək prezident seçkilərində Xalq Alyansının namizədi kimi irəli sürüb. Türkiyədə prezident və parlament seçkiləri 2023-cü ilin iyun ayına təyin edilib. Xalq Alyansı hakim blokuna AKP və Milliyyətçi Hərəkat Partiyası daxildir.
Bu arada müxalifət partiyaları hələlik öz namizədlərini açıqlamayıblar. Altı müxalifət partiyasının bloku növbədənkənar seçkilərin keçirilməsində israrlıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.