BAKI, 12 iyun - Sputnik. Bu gün "Formula 1" üzrə Azərbaycan Qran-prisində son - əsas yarış baş tutub. 51 dövrənin yekununda "Red Bull" komandasının pilotu Maks Ferstappen fərqlənib.
"Formula 1" Azərbaycan Qran-Prisinin ilk iki pilləsində “Red Bull Racing” komandasının pilotları Maks Ferstappen (I) və Serxio Peres (II) yer alıblar. İlk üçlüyü isə “Mercedes”in pilotu Corc Rassel tamamlayıb. Bakı qələbəsi Maks Ferstappenin karyerasında sayca 25-cidir.
Yarışın qaliblərini mükafatları Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov təqdim edib.
Yarışın rəsmi mükafatı ölkəmizin mədəniyyət paytaxtı Şuşanın yaranmasının 270-ci ildönümünə həsr olunub.
Zəngin irsimizin elementlərini özündə birləşdirən yarışın rəsmi mükafatı Azərbaycanın əzəli torpaqlarına - Şuşaya qovuşması və “Şuşa ili” münasibətilə şəhərin ən qədim abidələrindən sayılan Yuxarı Gövhər Ağa məscidinin minarələrinin elementlərini əks etdirir. Kubok üzərindəki naxışlar qabarıq lentlərlə üç hissəyə bölünmüş və rəngli daşlarla bəzədilmiş minarələrin kərpiclə hörülmüş səthini xatırladır.
Bu il "Formula 1" yarışı 6-cı dəfədir ki, Azərbaycanda təşkil olunub.
Bakıdakı əvvəlki yarışlarda "Mercedes"in sabiq pilotu, artıq karyerasını başa vurmuş Niko Rosberq, "Red Bull"un keçmiş pilotu, hazırda "McLaren"da çıxış edən Daniel Rikkardo (2017), "Mercedes"dən Lüis Hemilton (2018), onun komanda yoldaşı Valtteri Bottas (2019) və "Red Bull"da çıxış edən Serxio Peres (2021) qalib olub. 2020-ci ildəki Azərbaycan Qran-prisi koronavirus pandemiyasına görə ləğv edilib.