RUSİYA

Rusiyada AİHM qərarları icra olunmayacaq

AİHM-in qərarları artıq Rusiya məhkəmələri tərəfindən qəbul edilmiş qərarlara yenidən baxılması üçün əsas olmayacaq.
Sputnik
BAKI, 11 iyun - Sputnik. Rusiya prezidenti Vladimir Putin Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) qərarlarının Rusiyada icra olunmaması ilə bağlı qanunları imzalayıb. TASS xəbər verir ki, şənbə günü iki müvafiq sənəd rəsmi hüquqi informasiya portalında dərc edilib.
Belə ki, AİHM-nin 2022-ci il martın 15-dən sonra qəbul etdiyi qərarlar (Rusiya Federasiyasının Avropa Şurasından çıxmaq üçün ərizə verdiyi andan - TASS-ın qeydi) icra olunmayacaq və AİHM-in qərarlarına əsasən kompensasiya yalnız rublla və yalnız Rusiya banklarındakı hesablara ödəniləcək.
Bununla yanaşı, Rusiyanın Baş Prokurorluğu 2023-cü il yanvarın 1-dək AİHM-in qərarlarına uyğun olaraq ərizəçiyə pul kompensasiyası ödəyə biləcək.
Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli
Bundan əlavə, AİHM-in qərarları artıq Rusiya məhkəmələri tərəfindən qəbul edilən qərarlara yenidən baxılması üçün əsas olmayacaq.
Eyni zamanda, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi üçün əsasları genişləndirən, habelə təzəcə açılmış hallara görə cinayət işinə yenidən baxılmasına imkan verən əlavə kompensasiya mexanizminin yaradılması nəzərdə tutulur.
Rusiya Federasiyası qurumun nizamnaməsinin 7-ci maddəsinə əsasən, Avropa Şurasının hər hansı üzvünün onun üzvlüyündən rəsmi bildirişlə çıxa biləcəyini əsas götürərək, Avropa Şurasının Baş Katibinə təşkilatdan çıxmaq barədə bildiriş göndərib.
Xatırladaq ki, Rusiya təşkilatdan çıxma prosesinə martın 15-də başlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.