BAKI, 11 iyun — Sputnik. Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində çimərlik mövsümünə hazırlıqla əlaqədar olaraq tədris-metodiki toplantı keçirilib.
Toplantıda Xidmətin rəhbərliyi, dalğıc-axtarış qrupları və sularda xilasetmə məntəqələrinin məsul şəxsləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Xidmətin rəisi daxili xidmət general-mayoru Rüfət Fəradov 2021-ci il ərzində su hövzələrində suda boğulma hadisələri ilə mübarizə istiqamətində həyata keçirilmiş tədbirlər haqqında geniş məlumat verib.
Eyni zamanda, su hövzələrində axtarış-xilasetmə tədbirləri, dalğıc işləri və insanların sularda təhlükəsizliyinin təmin olunması sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə görülmüş işlər diqqətə çatdırılıb.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Buzovna məntəqəsi
© Sputnik / Irade JELIL
Daha sonra Xidmətin struktur bölmələrinin əməkdaşları 2022-ci il üçün çimərlik mövsümünə hazırlıq işlərinin təşkili, sularda bədbəxt hadisələrin qarşısının alınması ilə bağlı əhali arasında maarifləndirmə işlərinin aparılması, çimərliklərdə təhlükəsizlik qaydalarına əməl olunması, habelə xilasetmə avadanlıqlarından istifadə zamanı texniki təhlükəsizlik tələblərinin təmin olunması haqqında hesabat xarakterli çıxışlar ediblər.
Sonda Xidmət rəisi insanların sularda təhlükəsizliyi və axtarış-xilasetmə tədbirlərinin daha səmərəli təşkili üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.