BAKI, 11 iyun — Sputnik. Hələ qədim dövrlərdən insanlar daşlardan müxtəlif alətlər, bəzək əşyaları hazırlayıb. Arxeloji qazıntılar zamanı da qədim dövrlərdən bu günümüzə qədər gəlib çıxan müxtəlif formalı daş alətlər, fərqli görnüşlü fiqurlar aşkarlanır.
Bəzən isə insan, bəzən də təbiət amili daşların müxtəlif görkəm almasına səbəb olub. Müasir dövrdə də hər kəsin diqqət yetirmədiyi, fərqli görünüşlü daşlar çoxdur. Amma onlara nəzər yetirib onları toplayanara az-az rast gəlinir.
Çaydan daşlar
© Sputnik / Rahim Mammadov
Sputnik Azərbaycan-ın müxbiri Yevlaxın Gülövşə kəndində yaşayan Bəhman Qəmbərovun qonağı olub və onun olduqca maraqlı xobbisi ilə maraqlanıb.
Otuz ildən artıq müxtəlif bölgələrdə hüquq mühavizə orqanlarında çalışan B.Qəmbərov təqaüdə çıxıb doğma kəndinə köçdükdən sonra fərqli görnüşlü daşları toplamağa başlayıb. O, həyətinə 300-dən artıq müxtəlif ölçülü çay daşları yığıb. Həmin daşların rəngləri, görnüşü qeyri-adi olmaqla yanaşı, kənd sakininin onlarla bağlı bənzətmələri də maraqlıdır.
B.Qəmbərov hər daşın bənzədiyi əşya, heyvan fiqurunun olduğunu, hətta onların müxtəlif bədən üzvlərinə oxşarlığını deyir:
Bəhman Qəmbərov
© Sputnik / Rahim Mammadov
“Gülövşə kəndində doğulmuşam. Orta məktəbi, ali təhsili bitirdikdən sonra bir müddət Rusiyada, daha sonra isə müxtəlif bölgələrimizdə hüquq mühavizə orqanlarında çalışmışam. Əslində şair təbiətli adamam, həmin illərdə vaxt olmadığından içimdəki bu bacarığı boğub saxlayırdım. Təqaüdə çıxdıqdan sonra isə yenidən doğma kəndimizə qayıtım, burada qurdum, yaratdım. Şeirlər yazdım, bir neçə kitablarım da nəşr olunub. Təxminən 2-3 il öncə həyətə iritonnajlı maşınla çay daşı gətizdirmişdim. Fikrim həmin daşları həyətə yaydırımaq idi. Bir gün səhər çağı yuxudan oyandım, azacıq da yağış yağırdı. Çay daşlarının arasından bir neçəsi diqqətimi çəkdi. Əlimə alıb baxdım ki, gəmiyə, dağa bənzəyəni var, sanki, insan sifəti əks olunmuş, ağzı, burnu, gözləri olanlar var. Götürüb baxırsan, düşünürsən ki, insan simasıdır, sifətidir. Elələri də qarşıma çıxdı ki, daxili orqanlara - öd kisəsinə, ürəyə, böyrəklərə bənzəyir. Bir sözlə, hərəsi bir məna kəsb edir. Diqqətlə baxanda görürsən ki, daşların üstündə cizgilər, xəttlər, boyalar var. Düşünürsən ki, bunu kim çəkib, kim yaradıb? Çayın içərisinə hansısa heykəltəraş yonub atıbmı bunları? Diqqət etməsək, həmin gözəlliklər ayaqlarımızın altında itib batar. Onu da deyim ki, daşları suya salıb yuduqca sanki daha da gözəlləşir, bənzərliyi artır”.
Gülövşə kəndində B.Qəmbərovun topladığı daşlara hərkəs maraq göstərir. Hətta onun evini kiçik müzey adlandıranlar da var. Kənd sakininə ən çox verilən suallar isə daşları hardan aldığı və ya onları necə düzəltməsi barədə olur. Bəhman müəllim də maraqlanan qohum-əqrəbaya, qonşulara daşların əl işi deyil, diqqətin, ən əsası, təbiəti sevib onun yaratdıqlarını görüb toplamaq həvəsinin nəticəsi olduğunu deyir:
Çaydan daşlar
© Sputnik / Rahim Mammadov
“Bir neçə ilə toplamışam bunları. Yalnız öz həyətimdən aşkarladıqlarımdır. Əvvəlcə səkiyə düzmüşdüm, sayı az olanda. Həyətə gələnlərin fikri ancaq daşların yanındaqalırdı. Evə girmədən saatlarla sorğu-sual edirdilər, onlara baxmaq istəyirdilər. Ən çox verilən suallar isə bunları "kim düzəldib?", "haradan almısınız?" kimi suallardır. Mən də deyirdim ki, bunları çaylar yonub hazırlayıb. Bura gələnlərə, daşlara baxanlara deyirəm ki, hər gün hamımızın qarşısına çıxır belə daşlar. Hamımız gündəlik görürük, ayağımızın altındadır, amma üstündən keçirik. Diqqət edib əzizləyəndə, oxşayanda həmin daşlar da adamın üzünə gülür”.
Kənd sakininin maraqlı xobbisi ilə yanaşı, diqqətçəkən əl işləri də var. O, təqaüdə çıxdıqdan sonra kiçik taxta parçalarından, müxtəlif materyallardan 50-yə yaxın suvenir, musiqi alətlərinin kiçik maketlərini hazırlayıb.
Çaydan daşlar
© Sputnik / Rahim Mammadov
Onu da qeyd edək ki, Bəhman Qəmbərov topladığı fərqli görnüşlü daşların sərgisini də təşkil etməyi düşünür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.