BAKI, 11 iyun — Sputnik. Avstraliya Səhiyyə Nazirliyi meymunçiçəyinə yeni yoluxmalarla bağlı məlumatları təsdiqləyib. Xəstələrin ümumi sayı səkkizə çatıb.
Səhiyyə Nazirliyindən bildirilib ki, bütün yoluxmalar ölkənin ən sıx məskunlaşma olan iki ştatında - Yeni Cənubi Uels və Viktoriyada qeydə alınıb. Yoluxmuş vətəndaşların bir-biri ilə əlaqəsi olmayıb. Lakin yoluxmuş şəxlərin hamısı ya xaricdən gəlib, ya da xaricdən qayıdanlarla sıx əlaqədə olublar.
Hazırda xəstəliyə yoluxanların hamısı aktiv şəkildə təcrid olunaraq həkim nəzarətində saxlanılır, həmçinin həkimlər onların ailə üzvlərinin və yaxın qohumlarının səhhətini mütəmadi olaraq yoxlayırlar.
Avstraliyada meymunçiçəyinə ilk yoluxma mayın 20-də qeydə alınıb. İki gün sonra yerli Səhiyyə Nazirliyi daha iki yoluxma halını, iyunun 1-də isə daha 4 yeni yoluxma hadisəsini qeydə alıb.
Meymunçiçəyi - əsasən rütubətli tropik meşələrin yaxınlığında yerləşən Mərkəzi və Qərbi Afrikanın ucqar ərazilərində rast gəlinən nadir virus xəstəliyidir.