Ucuz qiymətə satılan "Belarus kənd toyuğu" yeməlidir? Assosiasiya "yox", AQTA "hə" deyir
Mütəxəssislər bildiri ki, hazırda keyfiyyət standartlarına uyğun yetişdirilən 1 kiloqramlıq toyuq ətinin maya dəyəri 1 dollardan az ola bilməz.
SputnikBAKI, 10 iyun — Sputnik. İdxal olunan toyuq məhsulları satışda çox aşağı qiymətə - 1 kiloqramı 3-3,5 manata təklif olunur. Bu isə o deməkdir ki, həmin toyuqlar ölkəmizin gömrük sərhədini 2-2,5 manatla keçib. Bununla bağlı Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası (APEPEA) məlumat yayaraq hər kəsi quş əti alarkən diqqətli olmağa səsləyib.
Yerli bazarda keyfiyyətsiz, ucuz toyuq ətlərinə tələbatın çox olduğunu deyən qida texnoloqu Ağa Salamov isə açıqlamasında bildirib ki, bu cür keyfiyyətsiz məhsullarn 99 faizi ictima-iaşə müəssisələri, dönərxanalarda istifadə olunur.
O qeyd edir ki, ölkəyə idxal olunan bu toyuqlar iynə-dərman, GMO və hormonal qidalarla yemləniblər:
"Azərbaycana gətirilən bu toyuqlar yarka dövrünü görmürlər, yəni onlarda xromosomlar formalaşmış olmur".
Mütəxəssis deyir ki, hormonal qidalarla yemləndiklərindən, bu quşlar 4-5 aya deyil, 1-2 aya şişirlər:
"Bu, hormonal qidalar bizim istehlakımız üçün də təhlükə yaradır. Nəticədə orqanizmdə hormonal pozuntular yaranır, ürək qüsuru olan, diabetli körpələr doğulur".
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin işindən danışan A.Salamov qeyd edir ki, ümumiyyətlə, AQTA toyuq məmulatları ilə bağlı məsuliyyəti üzərindən atıb:
"AQTA bu məsələyə nəzarət etməli olduğu halda, hazırda kiçik obyektləri yoxlamaqla məşğuldur".
İdxal olunan bu ucuz məhsulların üzərində "Halal" sözü də yazılır. Bu nişanla bağlı ekspert qeyd edir ki, "Halal" sözündən biznes məqsədi ilə istifadə edilir:
"GMO yemlərlə qidalanan quş ətləri nə dərəcədə halal hesab edilə bilər?! Ümumiyyətlə, satışda olan toyuqların hansı qidalarla yemlənməsi ilə bağlı sertifikat varmı? Onun "Halal" olub-olmamasına əmin olmaq üçün buradan həmin o idxaçı ölkələrə mütəxəssislər ezam olunmalıdır. Zavoda, emal prosesinə baxış keçirilməlidir, digər nüanslara diqqət yetirilməlidir. Lakin ölkəyə gələn ət məhsullarını heç kim yoxlamır".
Səslənidirlən iddialarla bağlı isə AQTA-dan sorğuya cavab olaraq bildirilib ki, agentlik tərəfindən lazımi addımlar atılır:
""Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikası Qanununa və "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 969 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (bundan sonra – Agentlik) yeyinti məhsullarının istehsalı, qablaşdırılması, ticarəti, tədarükü, saxlanması, idxalı, ixracı və daşınması zamanı onun minimum keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti funksiyalarını həyata keçirir".
Daha sonra bildirilir ki, "Yeyinti məhsulları haqqında" Qanunun 6-cı maddəsinə əsasən, ölkə ərazisinə idxal olunan bütün qida məhsulları müvafiq qaydada tanınmış və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş qida təhlükəsizliyi (sağlamlıq) sertifikatına malik olmalıdır.
İdxal olunan yeyinti məhsulunun istehsalçısı qida təhlükəsizliyi qeydiyyatından keçdiyi halda onun məhsullarının satışı üçün hər hansı əlavə sertifikat tələb olunmur. Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 302 nömrəli Qərarı ilə tənzimlənir.
O da bildirilir ki, həmin qərara əsasən, yeyinti məhsulları sertifikatlaşdırılarkən təhlükəsizlik göstəricilərinin müəyyən edilməsi məqsədilə Agentlik tərəfindən ekspertizadan keçirilir, yeyinti məhsullarından nümunələr götürülərək "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiyadan keçmiş laboratoriyalarda onların sınağı (tədqiqi) aparılır.
Eyni zamanda Agentlik Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının ümumdünya heyvan sağlamlığı informasiya sistemi vasitəsilə hər gün digər ölkələrdəki epizootik vəziyyəti izləyir.
Epizootik vəziyyətindən asılı olaraq, Belarusdan, o cümlədən digər ölkələrdən idxal olunan quşçuluq məhsullarının idxalına ixrac edən ölkənin aidiyyəti nəzarət orqanları tərəfindən verilən müvafiq sənədlər əsasında icazə verilir.
"Sorğu ilə əlaqədar nəzərinizə çatdırırıq ki, "Xezerxeber.az" tərəfindən bazarlarda ucuz qiymətə (3-ü 10-11 manata) toyuq məhsullarının satışı ilə bağlı yayımlanan məlumata əsasən, Agentlik tərəfindən müvafiq monitorinqlər keçirilib. Monitorinq çərçivəsində müəyyən edilib ki, Belarus Respublikasından ölkəyə gətirilən sözügedən toyuqların ucuz qiymətə satılmasının səbəbi ikinci kateqoriya və yumurtadan kəsilmiş (ana toyuqlar) toyuqların olmasıdır. Buna baxmayaraq, ölkəyə idxal zamanı həmin məhsullar təhlükəsizlik göstəriciləri üzrə (Salmonella, quş qripi və koronavirus) müayinələrə cəlb edilib və sınaq nəticələri qanunvericiliyin tələblərinə uyğun olduğu üçün qida təhlükəsizliyi sertifikatı ilə təmin edilib", - AQTA bildirib.
Qurum onu da diqqətə çatdırıb ki, sənaye şəraitində yetişdirilməsinə, həmçinin toyuqların üzərində rus dilində "ikinci sort dondurulmuş toyuq" qeydinə baxmayaraq, "kənd toyuğu" və ya "Belarus kənd toyuğu" adı altında satılması istehlakçılara yanlış məlumat verilməklə onların aldadılmasına səbəb olur:
"Göstərilənlərə əsasən, həmin şirkətlərdə plandankənar yoxlama aparılıb və sözügedən toyuq məhsullarının ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı "məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar" qəbul edilib. Geri çağırılmış məhsullarla əlaqədar qanunvericilik çərçivəsində zəruri tədbirlərin görülməsi nəzərdə tutulub".
Bundan əlavə, çəkisinin artırılması məqsədilə həmin toyuqlara su vurulması barədə AQTA bildirir ki, monitorinqlər çərçivəsində ticarət şəbəkələrində satışı həyata keçirilən həmin toyuqlardan nümunələr götürülüb və suyun kütlə payının müəyyən edilməsi məqsədilə laboratoriyaya təqdim edilib. Nümunələrin sınaq nəticəsinə əsasən, suyun kütlə payı normativ sənədin tələblərinə uyğun olub.
APEPEA yaydığı məlumatda o da qeyd olunur ki, həmin quşçuluq məhsulları ilə bağlı istehsalçının məhsulun üzərinə qoyduğu marjanın dəyəri çıxılsa, bu toyuqların maya dəyərinin 1-1,5 manata başa gəldiyi məlum olacaq:
"Hazırda qlobal əmtəə bazarlarındakı qiymət səviyyəsini nəzərə alsaq, keyfiyyət standartlarına uyğun yetişdirilən 1 kiloqramlıq toyuq ətinin maya dəyəri 1 dollardan aşağı başa gələ bilməz".
Qeyd olunur ki, Belarusdan gətirilən toyuqların ucuz olması onların ətlik məqsədilə yetişdirilən quş olmadığından xəbər verir. Belarusdan gətirilən bu toyuqlar ya yumurtadan kəsilmiş ana toyuqlardır, ya da hansısa xəstəlik səbəbilə kəsilib. Ana toyuqların adətən sümüyü ağır olur, hər kiloqramının 400-450 qramını sümük təşkil edir.
Assosiasiya bildirir ki, bu məhsullara inamın azalmasının digər səbəbi broyler fabrikində istehsal olunan toyuqların üzərində "Kənd toyuğu" və "Halal" sözlərinin yazılmasıdır:
"APEPA bütün bunları nəzərə alaraq, ölkə vətəndaşlarını diqqətli olmağa, daxili bazardakı orta qiymətdən kəskin ucuz təklif olunan məhsullardan istifadə etməməyə çağırır. Bu, sizin sağlamlığınız üçün çox vacibdir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.