DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Nazarbayev Putinlə görüşə gedib, qohumlarının isə həbs müddəti uzadılıb

Məhkəmənin qərarına əsasən Nursultan Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldaulinin həbs müddəti daha bir ay uzadılıb.
Sputnik
BAKI, 10 iyun — Sputnik. Qazaxıstanın sabiq prezidenti, Elbası Nursultan Nazarbayev Moskvaya səfər edib. “Orda” Telegram kanalının yaydığı məlumata görə, Nazarbayev burada Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Daha sonra Nazarbayevin Soçiyə səfər edəcəyi bildirilir.
Bu arada Qazaxıstan paytaxtının ixtisaslaşdırılmış rayonlararası istintaq məhkəməsi respublikanın birinci başçısı Nursultan Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldaulinin həbs müddətini daha bir ay uzadıb.
Bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.
Martın 13-də Qazaxıstanın Korrupsiyaya Qarşı Mübarizə Xidməti onu vəzifə səlahiyyətlərindən sui-istifadədə və "Kazaktelekom" SC-nin vəsaitlərini mənimsəməkdə şübhəli bilərək saxlayıb.
Məlumata görə, Satıbaldaulinin dövlətin təhlükəsizliyinə xələl gətirən digər cinayətlərdə əlinin olub-olmadığı yoxlanılır. Martın 15-də Nur-Sultan şəhərinin İxtisaslaşdırılmış rayonlararası İstintaq Məhkəməsi Satıbaldaulinin iki aylıq həbsinə icazə verib.
"İyunun 8-də Nur-Sultan şəhərinin İxtisaslaşdırılmış rayonlararası İstintaq Məhkəməsi şübhəli Kairat Satıbaldauli barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətini bir ay müddətinə uzadıb", - məlumatda deyilir.
Bundan əlavə, məhkəmə Nursultan Nazarbayevin qız nəvəsi Aisultanla evli olan biznesmen, Respublika Milli Paralimpiya Komitəsinin prezidenti Kayrat Boranbayevin həbs müddətinin uzadıldığını elan edib. "İyunun 8-də Nur-Sultan şəhərinin İxtisaslaşdırılmış rayonlararası İstintaq Məhkəməsi şübhəli Kayrat Boranbayev barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətini bir ay müddətinə uzadıb", - deyə məlumatda qeyd olunub.
Boranbayev martın ortalarında yarı dövlət sektorunda xüsusilə külli miqdarda vəsaitin mənimsənilməsi ilə bağlı cinayət işi çərçivəsində saxlanılıb.
Satıbaldauli və Boranbayevin həbs müddəti daha əvvəl mayın əvvəlində bir ay uzadılmışdı.
Xatırladaq ki, aprelin 29-da Qazaxıstan lideri Qasım-Jomart Tokayev Xalq Assambleyasının sessiyasında çıxışı zamanı Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilməsini təklif etmişdi.
Dəyişikliklər dövlət başçısının səlahiyyətlərinin azaldılması, parlamentin və yerli nümayəndəlik orqanlarının rolunun gücləndirilməsi, Konstitusiya Məhkəməsinin bərpası, habelə birinci prezident Nursultan Nazarbayevin statusu ilə bağlı müddəaların aradan qaldırılması məsələlərini əhatə edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.