BAKI, 10 iyun — Sputnik. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qayda pozuntusuna görə imtahanlardan xaric edilən abituriyentlərə ikinci şansın verilib-verilməyəcəyinə aydınlıq gətirib.
DİM sədri jurnalistlərə açıqlamasında bildirib ki, qayda-qanunları pozanlara qətiyyən ikinci şans verilməyəcək:
"Bacarana baş qurban", "mən aldatdım" deyənlər "qəhrəmana" çevrilir. Onlar 10-15 nəfərdir. Onları niyə düşünürsünüz? Onlar elə bir şərait yaradır ki, kimdəsə inam ölür. Bu abituriyentlərə ikinci şans verilməsini istəyənlər nə üçün minlərlə abituriyenti deyil, yalnız qayda-qanunu pozanları düşünür?! Onlar bu addımı bilə-bilə atıblar, buna görə də bu il müsabiqədə iştirak etmək hüquqları yoxdur".
Nəticəsi olmayan şagirdlər kimlərdir?
M.Abbaszadə nəticəsi olmayan şagirdlərlə bağlı danışaraq bildirib ki, onların əksəriyyəti məktəbi çoxdan atan və təhsildən uzaqlaşanlardır.
Sədr hər bir şagirdin icbari təhsilə baş vurmasının vacibliyini vurğulayıb.