CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir sıra təhsil müəssisələrində dövlət satınalmaları sənədləri saxtalaşdırılıb

Dövlət Xidməti məsələnin araşdırılması və hüquqi qiymətin verilməsi məqsədilə Baş Prokurorluğa müraciət edib.
Sputnik
BAKI, 10 iyun — Sputnik. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Təhsil Nazirliyinin təqdim etdiyi sənədlər əsasında bir sıra təhsil müəssisələrində dövlət satınalmaları sənədlərinin saxtalaşdırılması ilə əlaqədar Baş Prokurorluğa müraciət ünvanlayıb.
Bu barədə Dövlət Xidmətindən məlumat verilib.
Belə ki, 25-dən çox saxta məktub Təhsil Nazirliyi tərəfindən Dövlət Xidmətinə təqdim edilib.
Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələri tərəfindən saxta sənədlərin hazırlanması əməllərində cinayət tərkibi əlamətlərinin olduğunu nəzərə alaraq Dövlət Xidməti məsələnin araşdırılması və hüquqi qiymətin verilməsi məqsədilə Baş Prokurorluğa müraciət edib.
Qeyd edək ki, satınalma - malların (işlərin və xidmətlərin) dövlət vəsaiti hesabına əldə edilməsidir.
Satınalma müqaviləsi - satınalan təşkilatla tender qalibi (qalibləri) arasında bağlanan və malların (işlərin və xidmətlərin) satın alınması ilə əlaqədar tərəflərin öhdəliklərini müəyyənləşdirən sənəddir.
Xatırladaq ki, ötən ay dövlət satınalmalarında iştirak edən tərəflərin maarifləndirilməsi və məlumatlandırılması məqsədilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti seminar keçirib.
Tədbirdə dövlət satınalmalarının planlaşdırılması, təşkili və metodları, iddiaçıların ixtisasına dair tələblər, tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsi barədə məlumat verilib. Bununla yanaşı, tədbir iştirakçıları ilə satınalmanın nəticələri, satınalma müqaviləsinin bağlanması və idarə olunması müzakirə olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.