TƏHSİL

Bakı məktəblərinə işə qəbul olan müəllimlərin statistikası açıqlandı

250 nəfər isə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub
Sputnik
BAKI, 10 iyun — Sputnik. 2021-2022-ci tədris ili üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsində 2550 nəfər uğur qazanıb.
İdarədən verilən məlumata görə, onlardan 721 nəfər müddətsiz müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində, 1579 nəfər müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesində, 250 nəfər isə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub.
Məlumat üçün bildirək ki, 2022-2023-cü tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə başlanılıb.
Müsabiqədə iştirak etmək istəyən namizədlər iyunun 10-u saat 11:00-dək www.miq.edu.az linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Müəllimlərin işə qəbulu müsabiqəsində orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər. Həmçinin müsabiqədə iştirak etmək istəyən şəxs hazırda dövlət ümumi təhsil müəssisəsində müddətsiz müqavilə əsasında müəllim olaraq fəaliyyət göstərirsə, müddətsiz əsaslarla təyin olunduğu müəssisədə 3 ildən artıq fəaliyyət göstərdiyi halda müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilər.
Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqə elektron ərizələrin yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələlərini əhatə edəcək.
Xatırladaq ki, cari il üzrə keçiriləcək müsabiqədə edilmiş dəyişikliklərə əsasən, müsabiqənin vakansiya seçimi mərhələsində ilk növbədə şəhid ailəsinin üzvləri iştirak edəcəklər. Eyni zamanda müsabiqədə həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi ümumi təhsil müəssisələrində 3-5 il ərzində fasiləsiz olaraq işləyən müəllimlərin imtahan nəticəsi 1,05, 5 il və daha artıq müddətdə fasiləsiz işləyən müəllimlərin imtahan nəticəsi isə 1,1 artım əmsalı ilə hesablanacaq.
Ötən illərdə olduğu kimi, cari ildə də müəllimlərin işə qəbulu üzrə müsabiqə elektron ərizələrin yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələlərini əhatə edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.