CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda təbii qaza görə ödənişlər 14% artıb

Beş ayda əhali qrupu üzrə abonentlərin 75,9%-i (1 842 073 abonent) aşağı qaz istifadəsi limitini (1 200 kubmetrədək) keçməyib
Sputnik
BAKI, 10 iyun — Sputnik. Bu ilin yanvar-may aylarında "Azəriqaz" İstehsalat Birliyinin satdığı qaza görə ödəniş səviyyəsi 101,02 % olub.
Bunu "Azəriqaz"ın baş direktorunun satış üzrə müavini Rəşad Cavadov bu gün keçirilən jurnalistlər üçün keçirilən brifinqdə deyib.
R.Cavadovun sözlərinə görə, bu, 2021-ci ilin yanvar-may ayları ilə müqayisədə 14,3 % çoxdur: "Əhali sektoru üzrə ödəniş səviyyəsi 99,48 % olub ki, bu da ötən ilin beş ayı ilə müqayisədə 2 % azdır. Qeyri-əhali sektoru üzrə ödəniş səviyyəsi 102,87 % olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 29,9 % çoxdur".
Qurum rəsmisi bildirib ki, bu ilin iyunun 1-nə olan məlumata görə, Azəriqaz" İstehsalat Birliyi üzrə istehlakçıların sayı 2 milyon 465 min 415-ə çatıb. Onlardan 2 milyon 427 min 456 abonent əhali, 37 min 959 abonent isə qeyri-əhali sektoru üzrə olub.
Qaz limiti ilə bağlı məlumat açıqlandı
Rəşad Cavadov qaz limiti ilə bağlı da məlumat verib, bildirib ki, cari ilin yanvar-may ayında əhali qrupu üzrə abonentlərin 75,9%-i (1 842 073 abonent) aşağı qaz istifadəsi limitini (1 200 kubmetrədək) keçməyib.
Onun sözlərinə görə, hesabat dövründə 1 200 kubmetrədək olan qaz istifadəsi limitini hesabat dövründə 24,1% və ya 585 383 abonent keçib.
Sayğacların sayı açıqlandı
Sayğaclar haqda da məlumat verilib, qeyd olunub ki, iyunun 1-nə olan məlumata görə, "Azəriqaz" İB-nin əhali qrupu üzrə istismarda olan sayğacların sayı (əhali üzrə - red.) 2 427 456 ədəddir, bunların 62,6%-i sonradan ödənişli (mexaniki), 37,4%-i smart-kart tipli cihazlardır.
Xatırladaq ki, ötən il oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib. Qərara əsasən, əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Əhali üçün 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrədən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişmədi və əvvəlki həddə saxlanılıb. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb.