SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan daim Avropanın diqqət mərkəzindədir - Andris Ameriks

Milli Məclisdə Avropa Parlamentinin nümayəndəsi ilə görüşlər keçirilib. Azərbaycanla Avropa İttifaqı arasında yeni sazişin bağlanması istiqamətində görülən işlər və digər məsələlər müzakirə edilib.
Sputnik
BAKI, 10 iyun — Sputnik. İyunun 10-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Tural Gəncəliyev Avropa Parlamentinin Nəqliyyat və turizm komitəsinin sədr müavini Andris Ameriks ilə görüşüblər.
Səməd Seyidov Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə əlaqələrindən söz açıb, bu münasibətlərin hər iki tərəfin maraqları əsasında qurulduğunu və qarşılıqlı etimada söykəndiyini qeyd edib. O, Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin bu münasibətlərə böyük önəm verdiklərini diqqətə çatdırıb. Aİ ölkələri ilə ticarət əlaqələrindən danışan komitə sədri Azərbaycanın xarici ticarət dövriyyəsinin böyük hissəsinin Aİ üzvü olan ölkələrin payına düşdüyünü vurğulayıb.
Avropa Parlamentinin Nəqliyyat və turizm komitəsinin sədr müavini Andris Ameriks Azərbaycana bundan əvvəlki səfərini xatırlayıb, ölkəmizdə sürətli inkişafın şahidi olduğunu diqqətə çatdırıb. O, Azərbaycanın dayanıqlı xarici siyasəti, Avropanın enerji təhlükəsizliyində iştirakı, Avropa üçün etibarlı tərəfdaş olması ilə bağlı fikirlərini bölüşüb.
Söhbət zamanı Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqov Azərbaycanla Aİ arasında yeni ikitərəfli sazişin hazırlığı barədə məlumat verib.
Görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi, regionda sülhün möhkəmləndirilməsi və qarşılıqlı iqtisadi əməkdaşlığın inkişafı, Azərbaycanla Aİ arasında yeni sazişin bağlanması istiqamətində görülən işlər, Azərbaycan və Aİ arasında münasibətlərin inkişafı perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər barədə müzakirələr aparılıb.
Avropa İttifaqı Azərbaycanla əməkdaşlığa böyük önəm verir
Qeyd edək ki, bu gün Andris Ameriks Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili ilə də görüşüb.
Komitə sədri Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin uğurla inkişaf etdiyini deyib. Bildirib ki, əlaqələrin genişlənməsində parlamentlərarası münasibətlər böyük əhəmiyyət daşıyır. Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsi çərçivəsində səmərəli əməkdaşlıq qurulub. Ölkəmizdə Avropa standartlarına uyğun qanunvericilik bazası formalaşdırılıb.
Söhbətdə Azərbaycanla Avropa İttifaqı arasında qarşılıqlı faydalı siyasi, iqtisadi əməkdaşlığın genişlənməkdə olduğu qeyd edilib. Ölkəmizdə həyata keçirilən islahatlardan, Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu qlobal layihələrdən, əldə olunmuş nailiyyətlərdən söhbət açılıb. Komitə sədri qonağa ölkəmizdə yaradılmış Ələt Azad İqtisadi Zonası haqqında məlumat verib, Azad zonanın yaradılmasında məqsəd, onun fəaliyyəti, potensial imkanları barədə danışıb.
Görüşdə Tahir Mirkişili 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi şanlı qələbədən söhbət açıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun torpaqlarımızı 30 illik erməni işğalından azad etdiyini, ərazi bütövlüyümüzü bərpa etdiyini diqqətə çatdırıb. O, post-münaqişə dövründə yaranmış reallıqlardan danışıb. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işlərindən bəhs edib. Komitə sədri Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və ölkəmiz tərəfindən təqdim olunan prinsiplər əsasında sülh müqaviləsinin imzalanması məsələsinə toxunub.
Avropa Parlamentinin Nəqliyyat və turizm komitəsinin sədr müavini Andris Ameriks qonaqpərvərliyə və səmimi söhbətə görə minnətdarlığını ifadə edib. Ölkəmizin zəngin tarixə, mədəniyyətə malik olduğunu deyən qonaq Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyindən danışıb.
Andris Ameriks ölkəmizdə müşahidə etdiyi iqtisadi yüksəlişin onda böyük təəssürat yaratdığını bildirib. Ölkəmizin həyata keçirdiyi enerji, nəqliyyat layihələrinin əhəmiyyətli olduğunu söyləyib. Qeyd edib ki, Azərbaycan həm geosiyasi nöqteyi-nəzərdən, həm də iqtisadi baxımdan Avropanın daim diqqət mərkəzində olan bir ölkədir. Avropa İttifaqı Azərbaycanla əməkdaşlığa böyük önəm verir.
Söhbətdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın hazırkı vəziyyəti, gələcək inkişaf perspektivləri barədə danışılıb, qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.