BAKI, 10 iyun — Sputnik. ABŞ-ın maliyyə naziri Canet Yellen iyunun 9-da ölkənin Donbası qorumaq üçün keçirdiyi xüsusi əməliyyat fonunda Rusiyaya qarşı sanksiyalar tətbiq edən ölkələrin koalisiyasını yaratmağı təklif edib.
Onun sözlərinə görə, bu cür tədbirlər "məhdudiyyətlərin daha böyük təsirini" təmin edəcək.
"Məncə, bizə Rusiyaya qarşı sanksiyaların tətbiqinə razılıq verəcək kifayət qədər böyük bir qrup ölkələr lazımdır. Belə bir koalisiyanın yaradılması sanksiyaların qlobal miqyasda daha təsirli olması üçün zəruridir", - ABŞ-ın maliyyə naziri Canet Yellen Amerikanın "New York Times" qəzetinin saytında təşkil olunan müzakirə zamanı bildirib.
Eyni zamanda, hələ aprel ayında Maliyyə nazirliyinin rəhbəri bildirmişdi ki, ABŞ və onun müttəfiqləri Rusiyaya qarşı tətbiq edilən sanksiyaları sarsıdan digər ölkələrin hərəkətlərinə dözməyəcəklər və Ağ Ev Rusiyanı müxtəlif sahələrdə təcrid vəziyyətinə salmaq üçün tərəfdaşlarla işləyəcək.
Prezident Co Bayden administrasiyası Ukrayna hadisələri ilə əlaqədar Rusiya Federasiyasına qarşı məhdudiyyətlər tətbiq edən ölkələrin dairəsini genişləndirmək planlarını dəfələrlə açıqlayıb.
Rusiya prezidenti Vladimir Putin də öz növbəsində əmin edib ki, sanksiyalar və Qərbin iqtisadi siyasətdə uzunmüddətli səhvləri qlobal inflyasiyaya, yoxsulluğun artmasına və istehsal çatışmazlığına səbəb olub.
Bundan əvvəl, mayın 23-də Putin qeyd etmişdi ki, Qərb ölkələrinin Rusiya iqtisadiyyatına tətbiq etdiyi bütün məhdudiyyətlər istənilən effekti vermir. Əksinə, o, bütün zərbələrə ləyaqətlə dözür.
Mayın 4-də Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin Politologiya və Sosiologiya kafedrasının müdiri Andrey Koşkin "İzvestiya" qəzetinə müsahibəsində bildirib ki, Rusiya əleyhinə sanksiyalar Avropanı diz çökdürüb. O vurğulayıb ki, Qərb sanksiyaların köməyi ilə Rusiya iqtisadiyyatını məhv etməyə çalışır, amma reallıqda anti-Rusiya məhdudiyyətləri Rusiyanı deyil, ilk növbədə Avropanı diz çökdürür.
Moskvanın fevralın 24-dən Donbası qorumaq üçün keçirdiyi hərbi əməliyyata cavab olaraq bir sıra ölkələr Rusiya Federasiyasına qarşı yeni sanksiyalar tətbiq edir. Regionda vəziyyətin gərginləşməsi, "Donetsk və Luqansk Xalq Respublikaları" ("DXR" və "LXR") rəhbərliyinin Rusiya Federasiyasına yardım xahişi ilə müraciəti və sonradan Rusiyanın Donbass respublikalarının müstəqilliyinin tanınması barədə xahişi əməliyyatların başlamasına səbəb oldu.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.