BAKI, 9 iyun — Sputnik. ÜST 29 ölkədə 1000-dən çox təsdiqlənmiş meymun çiçəyinə yoluxma halı haqqında məlumatlara malikdir.
Bu barədə qurumun Baş direktoru Tedros Adanom Qebreyesus məlumat verib.
Onun sözlərinə görə, indiyədək bu ştatlardan ölüm halları barədə məlumat daxil olmayıb.
Bununla belə, ÜST virusun əvvəllər rast gəlinmədiyi ölkələrə yayılmasından narahatdır.
Lakin, ÜST meymunçiçəyi virusuna qarşı kütləvi peyvənd etməyi tövsiyə etmir.
Hal-hazırda peyvənd yalnız bəzi yerlərdə, xüsusən də tibb və laboratoriya işçilərini sözügedən virusdan qorumaq üçün istifadə olunur.
Qebreyesus deyib ki, ÜST virusun həssas əhali qrupları, o cümlədən uşaqlar və hamilə qadınlar arasında yayılma risklərindən xüsusən narahatlıq keçirir.
Azərbaycanda isə hələki meymunçiçəyinə yoluxma halı qeydə alınmayıb. Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB tərəfindən yarana biləcək xəstəlik və qlobal infeksiyalarla əlaqədar tədbirlər görülür. TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva bildirib ki, dünyada baş verən prosesləri izləyirlər.
Məlumat üçün bildirək ki, suçiçəyi və meymunçiçəyinin klinik əlamətləri arasında oxşar və fərqli əlamətlər var. 90 faiz simptomlar bir-birinə bənzəyir. Fərqə gəldikdə isə meymunçiçəyi xəstəliyində limfa düyünlərinin böyüməsi, şişkinliyi hallarına daha çox rast gəlinir.
Xəstəliyə ilk dəfə 1970-ci ildə Konqo Demokratik Respublikasında rast gəlinib. 2016-cı ildən bəri təsdiqlənmiş hallar son vaxtlar daha çox Mərkəzi Afrika Respublikası, Konqo Respublikası və Nigeriyada rast gəlinir.
2017-ci ilin sentyabrından bəri Nigeriyanın 32 ştatında 558 xəstə aşkarlanıb, 8 nəfər ölüb. Xəstəliyin 20 dəfə artmasının səbəbini 1980-ci ildə çiçək xəstəliyinə qarşı peyvəndin dayandırılması ilə əlaqələndirirlər.
Virusun inkubasiya dövrü 7-19 gündür. Xəstəlik heyvandan insana əsasən, heyvanın insan bədənini cızması, qanı və ya havadakı tənəffüs damcıları vasitəsilə ötürülə bilər. Lakin insandan insana keçməsi halları da müşahidə edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.