BAKI, 9 iyun — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb. Qanuna dəyişiklikdə qeyd edilib ki, fiziki şəxs olan işəgötürən vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə, bu fiziki şəxs olan işəgötürənlə bağlanmış əmək müqaviləsinə xitam verilmə üçün əsas olacaq.
Bu qayda həmçinin fiziki şəxs olan işəgötürən barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçildikdə, yaxud o, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə azadlıqdan məhrum edildikdə, fiziki şəxs olan işəgötürən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxs hesab edildikdə də tətbiq olunacaq.
Qeyd edək ki, indiyədək işəgötürən fiziki şəxs vəfat etdiyi səbəbindən "Əmək müqaviləsi bildirişi" e-sistemində aktiv əmək müqaviləsi bildirişi olan şəxslərlə əmək müqaviləsinə xitam verilə bilmirdi. Əmək qanunvericiliyinin tələblərinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin sistemə daxil edilməsi işəgötürən və ya onun səlahiyyət verdiyi şəxs tərəfindən həyata keçirilməlidir.
Yəni bu proses birbaşa işəgötürənin səlahiyyəti daxilində idi. Yeni dəyişikliklə isə artıq fiziki şəxs vəfat etdikdə və itkin düşdükdə bu barədə məhkəmənin qərarı varsa, işçinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana müraciəti etməsi yetərlidir ki, bu əmək müqaviləsinə xitam verilsin.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.