İQTİSADİYYAT

Qazilər Qarabağda işlə təmin olunacaqlar

Dövlət Məşğulluq Agentliyinin sədri bildirib ki, "Böyük qayıdış" çərçivəsində azad olunan ərazilərdə işlə təminat məsələsinə baxılır.
Sputnik
BAKI, 9 iyun — Sputnik. "2021-ci ildən şəhid ailə üzvlərinin kvota ilə işə götürülməsi prosesinə başlanılıb. Bu gün ölkə üzrə kvotanın sayı 66 mindən artıqdır. Kvotanın 80 minə çatdırılması planlaşdırılır".
Bunu Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli Vətən müharibəsi qazilərinin məşğulluğunun təmin edilməsi, onlara göstərilən sosial dəstəklə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Sədr bildirib ki, bu ilin ilk 4 ayı ərzində 2500 işdən sığorta təyinatı olub:

"Bu göstəricinin 10 minin üzərinə çatdırılması nəzərdə tutulub. Böyük qayıdış çərçivəsində azad olunan ərazilərdə işlə təminat məsələsinə baxılır. Qazilərin orada işə cəlbinə xüsusi önəm veriləcək. Qarabağda iş platforması hazırlanır".

Şəhid ailələrinin üzvləri və Vətən müharibəsində yaralanmış qazilər isə marafondan faydalanaraq işlə təmin olunmaq üçün https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olaraq özləri haqqında məlumatları qeyd etməklə müraciətlərini edə bilərlər.
Qeyd edək ki, bu ilin iyun ayının 10-dan işəgötürənlərin şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatında daha fəal iştirakının təşviqi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!" devizi altında yeni kampaniya - "Məşğulluq marafonu" başladılıb.
Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək marafonu bu istiqamətdə birgə səylərin gücləndirilməsinə hədəflənib.
Məqsəd həmin kateqoriyadan olan vətəndaşların məşğulluq imkanlarının artırılması üçün aparılan işlərdə işəgötürənlərin korporativ sosial məsuliyyət, milli həmrəylik prinsipindən çıxış etməklə daha fəal iştirakına nail olunmasıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.