BAKI, 9 iyun — Sputnik. Bu günlərdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Vaşinqtona səfər edib və orada vacib görüşlər keçirib.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger bildirib.
O, Hikmət Hacıyevin Vaşinqtonda ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanla görüşdüyünü xatırladıb. Diplomatın sözlərinə görə, Hikmət Hacıyev və Ceyk Sallivan digər məsələlərlə yanaşı, regionda sülh prosesini də müzakirə ediblər.
"Biz düşünürük ki, ABŞ normallaşma prosesində önəmli rol oynaya bilər. Biz hazırda Avropa İttifaqının tərəflərlə təmasda uğurlu olduğunu görürük və bunu çox dəstəkləyirik. Onlar tərəflər arasında birbaşa təmasların və görüşlərin baş tutmasında vasitəçilik edirlər. Liderlər, XİN rəhbərləri və digər səviyyələrdə təmaslar davam edir, sərhədlərin delimitasiyası, regionda kommunikasiyaların açılması məsələləri müzakirə edilir", - deyə səfir qeyd edib.
ABŞ-ın Azərbaycandakı səfiri Qarabağda minaların təmizlənməsi problemini həll etmək lazım olduğunu bildirib.
"Biz bu prosesə cəlb olunmuşuq. Bu günədək minaların partlaması və itkilərin olması halları baş verir. Minaların təmizlənməsi problemi həll olunmayanadək, fikirləşmirəm ki, insanlar bu torpaqlara qayıda biləcək", - səfir deyib.
Səfir Qarabağda öz şirkətləri üçün imkanların artırılmasında maraqlı olduqlarını deyib.
"Hazırda Qarabağda bir neçə ABŞ şirkəti işləyir. Biz şirkətlərimiz üçün daha çox imkanlar görmək istərdik. ABŞ şirkətləri xüsusən bərpa olunan enerji mənbələri sahəsində ən yaxşı texnologiyaya malikdirlər. Onlar ən yaxşı qiymətlərlə mütərəqqi texnologiyalar təklif edə bilərlər", - deyə o bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.