BAKI, 9 iyun — Sputnik. Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən çimərlik mövsümünə hazırlıqla əlaqədar müvafiq qanunvericiliyə uyğun zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.
Nazirlikdən verilən məlumata görə, aprel ayından etibarən sahilboyu ərazilərdə aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə monitorinqlər keçirilib.
Monitorinqlər zamanı çimərlik üçün təhlükəsizlik baxımından istifadəyə yararsız və təhlükəli ərazilər müəyyən edilib.
Monitorinqlərin nəticəsi olaraq, yerli icra hakimiyyətlərində müvafiq qurumların nümayəndələrinin iştirakı ilə monitorinq zamanı aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması məsələlərinə həsr olunan işçi müşavirələr keçirilib, aşkar olunmuş nöqsan və çatışmazlıqların həlli üçün müvafiq tapşırıqlar verilib.
Bununla yanaşı, xidmətin nəzarət etdiyi çimərliklərdə, o cümlədən İDEA ictimai birliyinin təşəbbüsü ilə Bakı şəhərinin Qaradağ, Səbail, Xəzər, Sabunçu və Binəqədi rayonlarında yaradılmış ictimai çimərliklərdə dalğıclar vasitəsilə sualtı müayinələr aparılıb və sahil zolağı mövcud yad cisimlərdən (daş, qaya parçaları və s.) təmizlənib.
Xidmətin balansında olan xilasetmə texnika və vasitələri, o cümlədən dalğıc-axtarış əməliyyatlarında istifadə olunan avadanlıqların texniki vəziyyəti bir daha nəzərdən keçirilib.
Hazırda Xidmətin nəzarət etdiyi çimərliklərdə üzmə sərhədlərini müəyyən edən nişanların və ərazidə istirahət edən vətəndaşların təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi üçün xüsusi lövhələrin yerləşdirilməsi işləri davam etdirilir.
Qeyd edilib ki, iyunun 15-dən etibarən Xidmət gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Xatırladaq ki, iyun ayının 15-dən ölkədə çimərlik mövsümü başlayacaq. May ayının 16-dan etibarən Xəzər dənizinin çimərlik ərazilərində monitorinqlərə start verilib. Monitorinqlər iki qurum tərəfindən aparılıb. Həmin çimərlik ərazilərində dəniz suyu nümunələri götürülür və Səhiyyə Nazirliyində və ETSN-in laboratoriyalarında dəniz suyunun keyfiyyət göstəricilərinə baxılır. Buna uyğun olaraq hansı çimərlik ərazilərində daha çox bioloji, kimyəvi çirklənmənin olduğu müəyyənləşdiriləcək.
Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov "Çimərlikdə dəniz suyunun monitorinqi" mövzusunda danışarkən deyib ki, vətəndaşlar Xəzər, Sabunçu və Binəqədi rayonları ərazisindəki çimərliklərdən istifadə edə bilərlər: ""Aparılan monitorinqlərin nəticəsinə görə, Xəzər və Binəqədi rayonu ərazisindəki çimərliklərdə vətəndaşların çimməsi məqsədəuyğundur. Qaradağdakı Sahil, Səbaildəki Şıx çimərliyi, Hövsan və Türkan çimərliklərində vətəndaşların çimməsi məqsədəuyğun sayılmır. Çünki bu ərazilərdə külli miqdarda bakteriya aşkarlanıb. Nəticələr barədə aidiyyəti qurumlara məlumatlar veriləcək".
Onun sözlərinə görə, monitorinqlər zamanı nümunələr çimərliyin üç nöqtəsindən götürülür. Z.Kazımov deyib ki, çimərliklərdə mövsüm dövründə mütəmadi yoxlamalar aparılacaq. Bu iş hər həftə oktyabr ayının 1-dək davam etdiriləcək. Regionlarda da bu tədqiqatlar çimərlik mövsümünün sonunadək davam etdiriləcək.
Z.Kazımov bildirib ki, Suraxanıda yerləşən Duzlu göldə çimmək qadağan edilib. Onun sözlərinə görə, həmin ərazidə heç bir təmir işləri getmir və antisanitar şərait hökm sürür.
Qeyd edək ki, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov da mətbuata açıqlamasında bildirib ki, Hövsan kanalı və digər çirklənmə mənbələrindən gələn çirkab suları ilə Xəzər dənizi çirklənir. O bildirib ki, ETSN olaraq dəfələrlə aidiyyəti qurumlar qarşısında məsələ qaldırıblar: "Hövsan və Bakı ərazisində olan digər kanallar ətraf qəsəbələrin çirkab sularını özündə birləşdirir. Gələcəkdə bu kanallar vasitəsilə axıdılan çirkab sularının ümumiləşdirilmiş kanalizasiya şəbəkəsinə qoşularaq qarşısı alınmalıdır. "Azərsu"yun baş planında bu problemlərin aradan qaldırılması nəzərdə tutulub".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.