BAKI, 8 iyun — Sputnik. Erməni müxalifəti Ararat Mirzoyanın rusiyalı həmkarı Sergey Lavrovla görüşünün keçiriləcəyi Ermənistan Xarici İşlər Nazirliyinin binasına doğru yürüşə başlayıb. Bu barədə Sputnik Ermənistan məlumat yayıb.
Yerevanın Fransa meydanına toplaşan "Müqavimət" hərəkatının nümayəndələri şəhərin mərkəzindən keçərək Ermənistan Xarici İşlər Nazirliyinin binasına doğru hərəkət edirlər.
Aksiya iştirakçıları Sayat-Nova prospekti ilə yürüş edir.
Xatırladaq ki, ötən gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana gedib.
Qeyd olunub ki, Rusiya XİN rəhbərinin təyyarəsi Yerevanın Zvartnots hava limanına enib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Lavrovun Yerevanda Ermənistan rəhbərliyi ilə Ermənistan, Azərbaycan və Rusiya liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-c il tarixli bəyanatların icrası ilə bağlı ətraflı fikir mübadiləsi apaacağı gözlənilir.
İyunun 10-da Sergey Lavrov Yerevanda KTMT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.
Ermənistan Xarici İşlər Nazirliyi Rusiya XİN rəhbərinin Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyan və prezident Vahan Xaçaturyanla görüşəcəyini bildirib.
İyunun 9-da isə o, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək. Görüşdən sonra iki ölkənin xarici işlər nazirləri mətbuat konfransı keçirəcəklər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.