BAKI, 9 iyun — Sputnik. Bir qrup alimə qarşı Şuşaya səfər təşkil etmək adı altında dələduzluq edildiyi iddia olunur.
Bu barədə tarixçi alim Arif Gürşadoğlu özünün sosial şəbəkə hesabında məlumat yayıb.
O bildirib ki, Əlvan Cəfərov adlı şəxs Şuşada konfrans keçiriləcəyi vədi ilə qeydiyyatdan keçmiş 470 nəfər alimi aldadıb:
"Konfransa qatılanların az olduğunu bilərək belə bir çirkin oyun qurulub. Bəlkə də Əlvan Cəfərovluq deyil, ancaq istənilən halda bu, çirkin oyundur. Sabah yola çıxacağımız ərəfədə bəlli olub ki, cəmi 100 nəfər seçilmiş alim bu gün Şuşaya gedib. Kim seçib, necə seçib, bu, başqa sualdır. Və bu sualların da cavabı aydınlaşacaq. Gedənlərin içində bir ailədən 4 nəfər, hətta alim olmayanlar da var. İndi də yazıb ki, heç kim ödənişini geri istəməsin! Hər adamdan 70 manat almaq və onu qaytarmamaq bu qədər asandırmı?"
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirib ki, həmin faktla bağlı hazırda Yasamal rayon Polis İdarəsində araşdırma aparılır, zərərçəkənlərin idarəyə müraciət etməsi xahiş edilir.
Qeyd edək ki, bir müddət öncə Bakıda məktəb kollektivi Şuşaya səfər adı ilə aldadılmışdı. Şuşa şəhəri 1 saylı tam orta məktəbin müəllim heyətinə özünü "Şimşək Turizm" şirkətinin rəhbəri kimi təqdim edən Əlizamin Canızadə Şuşaya tur təşkil etdiyini bildirib. Səfərə getmək üçün isə 70 nəfər müraciət edib və hər biri ona 22 manat ödəyib.
Daha sonra Canızadə səfəri 30 may tarixinə təyin edib və səhər saatlarında başlayacağını deyərək, kollektivə həmin gün məktəbin qarşısına toplaşmağı tapşırıb. Amma 29 may tarixindən müəllimlər ona zəng etsələr də, o, telefona cavab verməyib.
Buna baxmayaraq, ümidlərini itirməyən 70 nəfər deyilən tarixdə, yəni bu gün səhər saatlarında məktəbin qarşısında toplaşıb. Lakin təyin olunan saatda nə səfər üçün ayrılacağı vəd edilən avtobus, nə də həmin şəxs gəlib. Aldadıldıqlarını başa düşən məktəbin rəhbərliyi polisə müraciət edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.