BAKI, 8 iyun — Sputnik. Ölkənin ən böyük magistral suvarma kanalı olan Yuxarı Qarabağ kanalında işlər sürətlə davam edir. Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov bildirib ki, mənbəyini Mingəçevir Su Anbarından öz axımı ilə götürən kanal ölkənin 6 rayonunun ərazisindən keçməklə 11 rayona xidmət edir.
Kanalın uzunluğu 172,4 kilometrdir. Kanal üzərində 19 hidrotexniki qurğu, 32 körpü, 12 ədəd səviyyə qaldıran qurğu, o cümlədən 45 paylayıcı qurğu, digər sifon və borulardan ibarət paylayıcı qurğular yerləşir.
2022-ci ilin yaz-yay suvarma mövsümünə hazırlıqla bağlı kanalda cari və əsaslı təmir işləri aparılır.
Su itkisinə qarşı mübarizə tədbirləri çərçivəsində kanalın alçaq, ensiz yerlərinə torpaq daşınıb tökülür.
Kanalın daxili yamaclığında lildən təmizlənmə işləri görülür. Bütün bu işlər Yuxarı Qarabağ Kanalı İstismarı İdarəsi tərəfindən həyata keçirilir.
Bu il su ehtiyatı əvvəlki illərə nisbətən daha yaxşıdır. Çünki Mingəçevir Su Anbarında suyun səviyyəsi ötən illə müqayisədə 2 metrdən artıq təşkil edir.
Eyni zamanda, Araz çayına saniyədə 25 kubmetr su verilir ki, bu da çay ətrafında yerləşən Saatlı, Sabirabad, İmişli, Biləsuvar və Cəlilabad rayonlarının ərazilərində su çatışmazlığını aradan qaldırır.
Hazırda kanalın daxili yamacında olan kol-kos təmizlənir, lil qatı texnikalar vasitəsilə kanaldan xaric olunur. Kanalın keçdiyi rayonların ərazilərinə Yuxarı Qarabağ Kanalı İstismarı İdarəsinin texnikaları cəlb edilib.
Xatırladaq ki, Yuxarı Qarabağ kanalı 1958-сi ildə istismara verilib. 1951-ci ildə Yuxarı Qarabağ kanalının layihələndirilməsinə başlanılıb.
Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafını şərtləndirən əsas amillərdəndir. Odur ki, torpaqların su təminatı üçün ardıcıl tədbirlər görülür, suvarma şəbəkələri genişləndirilir, su sistemlərində təmir-bərpa işləri həyata keçirilir.
Qeyd edək ki, Azərbaycanda 136 su anbarı mövcuddur və onların ümümi tam həcmi 21500 mln.m3 təşkil edir. Hər birinin həcmi 1 mln. m3-dən çox 61 su anbarı mövcuddur.
Bu anbarlar həm çayın məcrasında (məcra su anbarları), həm də ondan kənarda (məcradan kənar su anbarları) yaradılıb. Su anbarlarının əksəriyyəti fəsillik nizamlanır və suvarma üçün istifadə olunurlar. Kür, Araz və Tərtər çaylarında yaradılmış su anbarları və SES-lər-Şəmkir, Mingəçevir, Yenikənd, Varvara, Araz və Sərsəng kompleks təyinatlı su təsərrüfatı obyektləridir və energetika, suvarma, su təchizatı və s. üçün istifadə olunurlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.