BAKI, 8 iyun — Sputnik. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) "Formula 1" ilə bağlı sürücülərə müraciət edib.
NİİM-dən verilən xəbərə görə, müraciətdə deyilir:
"Paytaxtımızda qonaqpərvərlik mühitinin qorunması üçün "Formula-1 Azərbaycan Qran Pri" yarışı ilə əlaqədar yollardakı müvəqqəti xarakter daşıyan dəyişiklik və məhdudiyyətləri anlayışla qarşılamağı, şəhər mərkəzinə şəxsi nəqliyyat vasitələri ilə getməməyi, daha çox ictimai nəqliyyata üstünlük verməyi, həmçinin dayanma-durma qaydalarına ciddi riayət olunmasını xahiş edir. Qeyd olunanlar sıxlıqların yaranmaması baxımından mühüm əhəmiyyət kəsb edir".
"Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar bəzi küçələrdə hərəkət istiqaməti tənzimlənib.
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.
"Azadlıq prospekti ilə sola, Dilarə Əliyeva küçəsi, Kövkəb Səfərəliyeva küçəsi istiqamətindən şəhərdən çıxış, eləcə də Azadlıq prospektinin Nizami küçəsilə kəsişməsindən sağa, Yusif Səfərov istiqamətində hərəkət təmin edilib", – deyə o qeyd edib.
A.Əsgərli qeyd edib ki, yük avtomobilləri ilə şəhərə məhsullar gətirən şəxslər yalnız gecə şəhərə daxil olmalıdırlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.